“Neftçi” Lənkərana ciddi itkilərlə yollanır
07.11.2009 - 00:04
“Neftçi” Lənkərana ciddi itkilərlə yollanır
Bakının “Neftçi” klubu “Xəzər-Lənkəran”la qarşıdakı derbi oyununa ciddi itkilərlə çıxacaq. “Neftçi”nin baş məşqçisi Vaqif Sadıqov apasport.az saytına açıqlamasında zədəli futbolçularının çox olduğunu bildirib.

“Bildiyiniz kimi, Elmar Baxşıyev hərbi xidmətə yollanıb. Kapitanı Zaur Tağızadə cərrahiyyə əməliyyatı olunub. Rumıniyalı yarımmüdafiəçimiz Leonard Naydin zədə üzündən sıradan çıxıb. O, ən azı iki həftə oynaya bilməyəcək. Ruslan Əmircanovla türkiyəli müdafiəçi Suat Usta da zədə problemi ilə üzləşib. Həkimlərimizin onların müalicə ilə ciddi məşğuldur və “Xəzər-Lənkəran”la oyuna qədər ayağa qaldırmağa çalışır. Bunun nəticəsini bazar günü Lənkərandakı oyun göstərəcək” – deyə Sadıqov bildirib.

Qeyd edək ki, “Xəzər-Lənkəran”ın düşərgəsində də itkilər mövcuddur. Braziliyalı yarımmüdafiəçi Dieqo Soza əməliyyatdan sonra bərpa dövrü keçir. Bolqar müdafiəçi Kostadin Cambazov isə ailə problemləri ilə əlaqədar hələ də vətənindədir.