Yunis Hüseynov: Demək olar ki, hər mövqedə çatışmazlıqlar var
07.11.2009 - 00:51
Yunis Hüseynov: Demək olar ki, hər mövqedə çatışmazlıqlar var
Həmişə iddialı olan “Karvan” hazırda heç də parlaq günlərini yaşamır. Əvvəllər iddialılar sırasında olan Yevlax təmsilçisi indi sonuncu pillələrdə var-gəl edir. 6 oyundur qələbə üzünə həsrət qalan “ağ-qaralar” arxada qalan 9 turda cəmi 5 xal toplaya bilib. “Karvan”ın uğursuz çıxışının səbəblərini öyrənmək üçün komandanın baş məşqçisi Yunis Hüseynovla əlaqə saxladıq. Mütəxəssis ardıcıl məğlubiyyətlərin futbolçuları psixoloji cəhətdən sındırdığını dedi.

- Komandam uğursuz zolağa düşüb. Artıq neçə oyundur qələbə qazana bilmirik. Əgər komandam uduzursa və sonuncu yerlərdə gedirsə, mənim buna münasibətim necə ola bilər? Əlbəttə, çox pis.

- Siz belə bir başlanğıc gözləyirdinizmi?
- Xeyr. Elə oyunlar olub ki, biz onu asanlıqla qələbə ilə başa vura bilərdik. Ancaq nədənsə oyunumuz alınmadı. Açığı, bəxt də bizdən üz döndərib.

- Uğursuz çıxışın səbəbini nədə görürsünüz?
- Bayaq da dediyim kimi “qara zolağa” düşmüşük. Futbolçular da psixoloji cəhətdən sınıblar. Bundan əlavə, zədəli futbolçularımız çoxdur. Misal üçün, “İnter”lə oyuna 3 zədəli futbolçu buraxmışdım. Görüşdən əvvəl 5 futbolçumuzun yüksək hərarəti var idi. Güc-bəla ilə 11 futbolçu tapıb meydana buraxdım. Anar Həsənov, Əziz Quliyev və Yakuba Bamba zədəli-zədəli oynadılar. Ancaq bunlar uğursuz çıxış etməyimizə bəhanə ola bilməz. Hesab edirəm ki, bir qələbə qazansaq, vəziyyəti xeyrimizə dəyişə bilərik. Bu kifayət edər ki, futbolçuların özlərinə olan inamları bərpa olunsun. Dediyim kimi psixoloji cəhətdən futbolçuların vəziyyətləri heç də ürəkaçan deyil. Hazırda onları psixoloji cəhətdən hazırlamağa çalışıram.

- Bəs niyə oyunun təxirə salınması ilə bağlı Peşəkar Futbol Liqasına müraciət etmədiniz?
- Nədənsə, bu varianta üstünlük vermədim. Çıxıb futbolumuzu oynadıq.

- Sizcə, komandanın ən zəif mövqeyi haradır?
- Demək olar ki, hər mövqedə çatışmazlıqlar var. Desəm ki, qol vura bilmirik bu, yalan olar. Hər oyunda çoxlu sayda qol vəziyyəti yaradırıq. Ancaq təəssüf ki, yaratdığımız imkanlardan lazımınca istifadə edə bilmirik. Misal üçün, “Turan”la oyunda saysız-hesabsız qol vəziyyətlərinin yalnız birindən istifadə edə bildik. Əgər yaratdığımız imkanlardan istifadə edə bilmiriksə, deməli irəli xətdə çatışmazlıqlar var. Bundan əlavə, əgər hər oyunda qol buraxırıqsa, deməli, müdafiə xəttimiz də inamlı oynamır. Çatışmazlıqlar çoxdur. Çalışacağıq ki, bunları aradan qaldıraq.

- “Karvan” “Standard” və “Turan”la birlikdə çempionatın ən çox qol buraxan ikinci komandasıdır...
- Bəli, müdafiə də zəifdir. Bayaq dediyim kimi, əgər komandam hər oyun qapısından qol buraxırsa, belə çıxır ki, müdafiəçilər vəzifələrinin öhdələrindən layiqincə gəlmirlər. Bilirsiniz, komandamız gənclərdən təşkil olunub. Əvəzedici heyətdən 2-3 futbolçunu əsas komandaya dəvət etmişəm. Onların təcrübəsizlikləri də sözünü deyir.

- Dövrələrarası fasilədə heyətdə köklü dəyişikliklər gözlənilirmi?
- Bəli, yeni oyunçular dəvət edəcəyik. Düzdür, futbolçularıma güvənirəm ancaq komandanı qış transfer pəncərəsində gücləndirməyi düşünürəm. Yəqin ki, köklü də olmasa, müəyyən dəyişikliklər olacaq.

- Ölkə kubokunun 1/16 final mərhələsinin ilk oyununda “İnter”ə böyükhesablı məğlub oldunuz. Unibank Premyer Liqasında da 11-ci pillədəsiniz. Yəni ilk “altılıq”a düşmək şansınız yox dərəcəsindədir. Bunu nəzərə alıb “Karvan” üçün 2009-2010-cu il mövsümünün başa çatdığını demək olarmı?
- Nə mənada?

- Medal qazanmaq mənasında.
- Bəli, ilk 2-3 turdan sonra mətbuata verdiyim açıqlamada medallar uğrunda mübarizə apardığımızı demişdim. Ancaq ardıcıl məğlubiyyətlərdən sonra şansımızı xeyli azaltdıq. “Karvan” həmişə medallar uğrunda mübarizə aparan komanda olub. Mənim də məqsədim daima yüksək nəticə əldə etmək olub. Ancaq bugünkü vəziyyət işi o yerə gətirib ki, Karvan” tarixində ilk dəfə olaraq 11-ci pilləyə yuvarlanıb. Artıq medallar uğrunda mübarizə apardığımızı deyə bilmərəm. Ölkə kubokunda da “İnter”ə məğlub olduq. Çalışacağıq ki, bundan sonra vəziyyətimizi düzəldib, “Karvan”ın adına layiq nəticələrə imza ataq, uğurlu çıxış edək.

- Bu gün sizi “Bakı” ilə çətin oyun gözləyir. Ötən mövsüm Bakıda keçirdiyiniz oyunda 3:0 hesabı ilə qələbə qazanmışdınız. Nəzərə alsaq ki, “Bakı” evdə keçirdiyi oyunlarda qələbə qazana bilməyib. Sizcə, “Karvan” eyni uğuru təkrarlaya biləcəkmi?
- Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. “Karvan” ölkə çempionatında istənilən komandanı məğlub edə biləcək gücdədir. Mən futbolçularıma güvənirəm. Əgər keçən il qələbə qazanmışıqsa, niyə bu mövsüm eyni uğuru təkrarlamayaq? Düzdür, oyun çətin keçəcək, ancaq mən komandamdan qələbə gözləyirəm. İnanıram ki, futbolçularım ümidlərimi doğruldacaqlar.

Mənbə: “Futbol dünyası” qəzeti