Enkenin övladlığa götürdüyü qız azərbaycanlıdır? - FOTOSESSİYA
12.11.2009 - 13:34
Enkenin övladlığa götürdüyü qız azərbaycanlıdır? - FOTOSESSİYA
Almaniya milli komandasının və “Hannover 96” klubunun qapıçısı Robert Enkenin gözlənilməz ölümü ilə bağlı araşdırmalar davam edir. Apasport.az saytının məlumatına görə, futbolçunun həyat yoldaşı Tereza Enke dünən, daha doğrusu dəhşətli hadisədən 19 saat sonra 18 dəqiqəlik mətbuat konfransı keçirərək, bir sıra məqamlara aydınlıq gətirib. Tünd qara geyimli 33 yaşlı Terezanın canlı yayımlanan açıqlamalarından sonra Robertin özünə sui-qəsd etməsi ehtimalı bir daha təsdiqlənib.

Xanım Enke noyabrın 10-da yerli vaxtla saat 18:17-də özünü Bremendən Hannoverə gedən qatarın altına atmış futbolçunun problemindən danışıb. Onların 2006-cı il sentyabrın 17-də Lara adlı ikiyaşlı qızları ürək çatışmazlığından vəfat edib. Robertin psixoloji problemləri məhz bundan sonra artmağa başlayıb.

“Laranın ölümündən sonra biz özümüzü toparlamaq haqqında düşünürdük. Robertin çətin vəziyyətlərində onun yanında olurdum. Gələcək həyatın gözəlliyindən, ümidlərdən, arzulardan danışırdım. Ona deyirdim ki, həyatda futboldan başqa da gözəl varlıqlar mövcuddur. Mən son vaxtlar onu addımbaaddım izləyirdim” - deyə Tereza vurğulayıb.

O bildirib ki, əri xəstəlik ucbatından ictimai qınağa rast gələcəyindən qorxurmuş: “Pedaqoq insanlar onun vəziyyətini yaxşı başa düşürdülər. Mən özüm də həmişə ona deyirdim ki, sənin xəstəliyin atalıq hüququ üçün heç bir problem yaratmır. O, övladlığa götürdüyümüz qızın geri alınacağından, ictimai qınaqla üzləşəcəyindən ehtiyatlanırdı. Amma mən onu hər şeyin yaxşı olacağına inandırırdım, o da qızımıza qayğı ilə yanaşırdı”.

Artıq Robertin ölümqabağı yazdığı vida məktubu da tapılıb. O, məktub vasitəsilə yaxınlarından və həkimindən üzr istəyib. Bu arada “Hannover”in azarkeşləri klubun bazasına, eləcə də stadionun ətrafına toplaşır, futbolçunun xatirəsinə şam yandırırlar.

32 yaşlı qapıçı ilə bağlı araşdırmalar zamanı bizim üçün iki maraqlı fakt ortaya çıxır. Birincisi, o, yığmada son matçını avqustun 12-də Bakıda məhz milli komandamıza qarşı oynayıb. Çox güman ki, onun səfər etdiyi son xarici ölkə də elə Azərbaycan olub. Ən maraqlı fakt isə Enkenin bu ilin mayında övladlığa götürdüyü qızla əlaqədardır. Bu səkkizaylıq körpənin adı Leyladır. Nə bilmək olar, bəlkə də Leyla azərbaycanlıdır? Robertin həyatının son aylarının Azərbaycanla bağlı olması bəlkə təsadüf deyil? Sonuncu dəfə Azərbaycanda olmaq, sonuncu dəfə Azərbaycan yığmasına qarşı oynamaq və azərbaycanlı qızı övladlığa götürmək...