Aleks Ferqyussonun tələbəsi Bakıda qələbə haqda düşünür
12.11.2009 - 14:53
Aleks Ferqyussonun tələbəsi Bakıda qələbə haqda düşünür
“Azərbaycan yığması seçmə mərhələdə xal qazanmamasına baxmayaraq, çox yaxşı komandadır. Bizi Bakıda ciddi və çətin sınaq gözləyir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Şotlandiyanın 21 yaşadək futbolçularından ibarət milli komandasının baş məşqçisi Billi Stark deyib.

Avropa çempionatının seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda yer alan və növbəti iki oyununu futbolçularımıza qarşı keçirəcək britaniyalılar yarışın final mərhələsinə çıxmağa iddia edir. Hazırda Avstriya və Belarus kimi 4 oyuna 6 xal toplayan şotlandların çalışdırıcısı yığmamızla oyunlarda 6 xal qazanmaq arzusundadır: “Avstriya və Belarusla mübarizədə Azərbaycanla oyunlar böyük önəm kəsb edir. Biz həm Bakı, həm də Şotlandiyada qalib gəlsək, işimizi yüngülləşdirmiş olaraq. İki qarşılaşmadan itkisiz ayrılmağımız əsas rəqiblərimizlə müqayisədə daha yaxşı vəziyyətdə olmağımıza şərait yaradar. Lakin bu heç də asan olmayacaq. Biz yalnız ilk matçı düşünüb əvvəlki 4 qarşılaşmada göstərdiyimiz oyunu ortaya qoymalıyıq. Rəqibin güzəştə gedəcəyini və ya bizim udmağımıza şərait yaradacağını gözləməməliyik. Mübarizə aparıb qalib gəlməliyik ki, bununla da vəzifənin öhdəsindən gələ bildiyimizi sübut edək”.

Qeyd edək ki, Starkın karyerasının zirvə nöqtəsi futbolçu kimi “Aberdin”də çıxış etdiyi vaxtlar olub. 1983-86-cı illərdə məşhur Aleks Ferqyussonun rəhbərliyi altında çıxış edən və hətta UEFA Superkubokunu qazanan Stark 100 min funt sterlinqə “Seltik”ə transfer olunub.