Çexiya yığmasının baş məşqçisi Azərbaycanla oyun haqda iddialı danışdı
16.11.2009 - 11:12
Çexiya yığmasının baş məşqçisi Azərbaycanla oyun haqda iddialı danışdı
“Turnirdəki ilk oyunda uduzmağımıza çox məyus oldum. Amma bağışlayın, bu bir sınaqdır. Biz də bu yarışda yeni futbolçuları yoxlayırıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çexiya milli komandasının baş məşqçisi Mihal Bilek deyib.

Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq turnirin ilk oyununda meydan sahiblərinə uduzduqdan sonra Azərbaycan yığmasının rəqibinə çevrilən çexlərin çalışdırıcısı yarışdakı nəticənin əhəmiyyətsizliyindən danışıb: “Təbii ki, yığmanın baş məşqçisi kimi, ilk oyunumu heç vaxt unutmayacağam. Qələbə ilə başlamaq, finala çıxmaq yaxşı olardı. Lakin öz ideyalarıma uyğun işləyib, namizədləri yoxlamağı daha üstün sayıram”.

Bilek noyabrın 18-də milli komandamıza qarşı keçiriləcək görüş haqda da danışıb. O, yığmamızla oyun ərəfəsində zədəlilərin olmasına baxmayaraq, futbolçu çatışmazlığından şikayətlənməyib: “Meydan sahibləri ilə oyunda Hubhik dizini, Kuşnir isə əzələsini zədələdi. Papadopulosla Holekin də durumu ürəkaçan deyil. Lakin heyətdə kifayət qədər futbolçumuz var. Azərbaycanla oyunda zədəlilər oynamasalar da olar”.
0