Əsgər Abdullayevə “yox” deyən futbolçu “Spartak”a gedir
16.11.2009 - 11:23
Əsgər Abdullayevə “yox” deyən futbolçu “Spartak”a gedir
Azərbaycanlı futbolçu Aleksandr Səmədovun “Moskva” klubundan gedişi dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 25 yaşlı sağ cinah yarımmüdafiəçisi Moskvanın digər təmsilçisi - “Dinamo” ilə müqavilənin şərtlərini praktiki olaraq, razılaşdırıb. Ancaq son anda Moskva “Spartak”ının də işə qarışması vəziyyəti dəyişdirib.

“Spartak” rəhbərliyi əvvəl də maraqlandığı Səmədovu geri qaytarmaq iddiasındadır. İndi soydaşımızın nümayəndələri Rusiyanın ən titullu klubundan konkret təklif gözləyirlər. Özü də “Spartak”ın qarşısında konkret vaxt qoyulub. Aleksandrın məsələsi ilə bağlı “qırmızı-ağlar” ən geci bu gün öz fikirlərini bildirməlidirlər. Vəziyyətə aydınlıq gəldikdən sonra Səmədovun gələcək taleyi, yəni hansı klubla müqavilə bağlayacağı bilinəcək.

Qeyd edək ki, “Spartak” futbol məktəbinin yetirməsi olan Səmədov karyerası ərzində yalnız Moskva klublarında - “Spartak”, “Moskva” və “Lokomotiv”də oynayıb. Onu 2005-ci ildə “Spartak”dan 3,4 milyon avroya alan “dəmiryolçular” ötən ilin iyulunda “Moskva”ya 3,5 milyon dollara satıblar. Aleksandr Rusiyada iki dəfə ölkə kubokunu, iki dəfə isə çempionatın bürünc medalını qazanıb. Soydaşımız 2003-cü ilin yayında düşərgəsində olduğu Azərbaycan milli komandasında oynamaq təklifini qəbul etməyib, Rusiyanın gənclər yığmasında çıxış edib. Həmin vaxt yığmamızda baş məşqçi postunu Əsgər Abdullayev tuturdu.
0