“Bakı”nın “Birlik kuboku”nda növbəti potensial rəqibi
16.11.2009 - 12:46
“Bakı”nın “Birlik kuboku”nda növbəti potensial rəqibi
Azərbaycan Premyer Liqasının son qalibi “Bakı” klubunun XVIII “MDB və Baltikyanı ölkələrin çempionlarının Birlik kuboku” turnirində daha bir potensial rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, gələn ilin yanvarında Moskvada keçiriləcək turnirdə Moldovanı “Daçiya” təmsil edəcək.

Kişinyov klubu son ölkə çempionu və kubokun sahibi olan “Şerif”i əvəzləyəcək. “Şerif” Avroliqada çıxışı ilə əlaqədar axırıncı dəfə qalibi olduğu “Birlik kuboku”nda yarışmaqdan imtina edib. Belə olan halda, bu komandanın əvəzinə Rusiya paytaxtına ötən mövsüm Moldova çempionatının gümüş medalçısı “Daçiya”nın yollanması qərara alınıb. Bu, “Daçiya”nın “Birlik kuboku”nda debütü olacaq.

Tarixində ikinci dəfə sözügedən yarışda mübarizə aparacaq “Bakı” “Daçiya” ilə beynəlxalq səviyyədə görüşüb. Bu, 2007-ci ilin iyununda İntertoto kubokunun ilkin mərhələsində olub. Həm Bakı, həm də Kişinyovda keçirilən oyunlar 1:1 hesabı ilə nəticələnmişdi. Tofiq Bəhramov adına Respublika stadionunda rəqib futbolçunun avtoqoluna sevinən “Bakı”nın səfər qoluna indi də heyətində yer alan gürcü yarımmüdafiəçi Amiran Muciri imza atmışdı. “Daçiya” Böyükağa Hacıyevin çalışdırdığı komandanı oyunsonrası penaltilər seriyasında mübarizədən kənarlaşdırmışdı.
0