“Azərbaycanla oyundan sonra məni heç nə ilə qorxutmaq olmaz”
16.11.2009 - 13:02
“Azərbaycanla oyundan sonra məni heç nə ilə qorxutmaq olmaz”
“Televiziyada şərhçilik etdiyim müddətdə ən ekstremal reportaj Azərbaycan - Rusiya oyununda olub. Ora bizi Andrey Qolovanovla birgə göndərmişdilər. 90 dəqiqə ərzində Moskva ilə əlaqə yox idi. Biz qulaqcıqda öz səsimizdən başqa heç nə eşitmirdik”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Rusiya milli komandasının sabiq kapitanı Aleksey Smertin deyib.

Futbolçu karyerasının axırıncı illərini İngiltərədə keçirmiş 34 yaşlı yarımmüdafiəçi Londonun “Çelsi” klubunda da oynayıb. Yaşıl meydanda çıxışını bitirdikdən sonra şərhçilik fəaliyyətinə başlayan Smertin əsasən Rusiya milli komandasının matçlarında bu işlə məşğul olur. Bu məqsədlə ötən ay Bakıya gələn Aleksey Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Rusiya görüşünü (1:1) şərh edib. Veteran futbolçu bildirib ki, televiziya praktikasında məhz bu oyun ona əsəb gərginliyi gətirib: “Tribunalarda səs-küy olmayanda işləmək qeyri-adidir. Elə bil ki, boş yerdə danışırsan. Üstəlik, Bakıdakı stadionda şərhçilik kabinası çox da rahat deyildi. Ora bir nəfərlikdir. Monitor elə yerdə dayanıb ki, meydanın üçdən bir hissəsini örtür. Sonda ayaq üstə dayanıb, şərhçilik etməli oldum. Bu da bir təcrübədir. Hər halda, Bakıdan sonra məni artıq heç nə ilə qorxutmaq olmaz”.

Qeyd edək ki, Rusiya milli komandasının dünya çempionatının pley-off mərhələsində Sloveniya yığması ilə Moskvadakı oyununda (2:1) olduğu kimi, səfər görüşündə də şərhçilik edəcək Smertin sabah Maribora yollanacaq.
0