Azərbaycan futbolçuları Sloveniya xalqını necə ümidləndirib?
16.11.2009 - 14:13
Azərbaycan futbolçuları Sloveniya xalqını necə ümidləndirib?
Azərbaycan milli komandası 2010-cu il dünya çempionatına çıxmağa iddialı olan Sloveniya yığmasını ümidləndirib. Apasport.az saytının məlumatına görə, gələn ilin yayında Cənubi Afrika Respublikasında keçiriləcək mötəbər yarışa vəsiqə uğrunda Rusiya yığması ilə pley-off oyunlarında mübarizə aparan sloveniyalılar Moskvanın “Lujniki” stadionunda 1:2 hesabı ilə uduzub. Ancaq səfərdə vurulan qolun üstünlüyünü nəzərə alsaq, Balkan təmsilçisinin cavab görüşündə vəsiqəni əldə edəcəyinə şansı böyükdür. Bunun üçün doğma meydanda 1:0 hesablı qələbə də yetərlidir.

Sloveniya mətbuatı rəqibin son seçmə mərhələdə səfərdə keçirdikləri oyunları analiz ediblər. Belə nəticəyə gəlinib ki, Rusiya yığması bu görüşlərdə nadir hallarda yaxşı təsir bağışlayır. Buna bariz sübut kimi rusların oktyabrın 14-də milli komandamızla Bakıdakı görüşü (1:1) göstərilib. Sloveniyalılar Azərbaycan yığmasından güclü saydıqları milli komandalarının rusları yenəcəyinə inanırlar.

Onlarda nikbinlik yaradan digər məqam isə Maribordakı stadionunun düşərli olmasıdır. Belə ki, Sloveniya yığması 2010-cu il dünya çempionatının seçmə mərhələsində yeniləşən meydanında heç kimə uduzmayıb. Polşa, Şimali İrlandiya, San-Marino və hətta qrup qalibi kimi dünya çempionatına birbaşa yüksələn Slovakiya yığması da Maribordan məğlub qayıdıb. Yalnız Çexiya yığması Sloveniyada uduzmaması ilə öyünə bilər (0:0).

Qeyd edək ki, Sloveniya - Rusiya matçı noyabrın 18-də keçiriləcək.
0