“Moskva” klubunun prezidenti: Azərbaycanlı futbolçu bizə lazımdır
17.11.2009 - 11:52
“Moskva” klubunun prezidenti: Azərbaycanlı futbolçu bizə lazımdır
Azərbaycanlı futbolçu Aleksandr Səmədovun transferinə görə Moskvanın “Spartak” klubuna qoyulan vaxt tamam olub. Apasport.az saytının məlumatına görə, 25 yaşlı sağ cinah yarımmüdafiəçisinin Rusiyanın ən titullu klubuna qayıdışı baş tutmayıb. “Spartak” Səmədovu yenidən heyətində görmək istəsə də, futbolçunun nümayəndələrinə qoyulan müddətdə konkret təkliflə müraciət etməyib. Belə olan halda, Aleksandra əsas namizəd Moskvanın “Dinamo” klubudur. Soydaşımız bu paytaxt təmsilçisi ilə müqavilə imzalamaqla bağlı ilkin razılıq əldə edib. Ancaq Səmədova daha bir sabiq klubu – Moskva “Lokomotiv”inin da maraq göstərdiyini nəzərə alsaq, indi “Dinamo”nun əsas rəqibi digər həmşəhərliləridir. Maraqlıdır ki, “Spartak”la “Lokomotiv” vaxtilə soydaşımızı yaxşı məbləğə satıb, pul qazandığı halda, hazırda “Moskva” klubunda inamlı oyunundan sonra başqa fikrə düşüblər.

Bu arada “Moskva”nın prezidenti İqor Dmitriyev baş verənlərə münasibətini bildirib. Səmədov da daxil olmaqla bir sıra futbolçularının başqa klublara keçidi haqda deyilənləri təəccüblə qarşılayan klub prezidentinin sözlərinə görə, soydaşımız onlara lazımdır: “Kütləvi İnformasiya Vasitələrində bizim futbolçuların digər klublarla müqavilə bağlamasını əminliklə xəbər verirlər. Ancaq məni dəqiqləşdirilməmiş informasiyaların çoxluğu təəccübləndirir. Axı biz həmişə mətbuata maksimal dərəcədə açıq komanda olmuşuq. Etiraf edim ki, biz belə xəbərləri rədd etməkdən yorulmuşuq. Bir daha təkrar edə bilərəm ki, hazırda heç bir futbolçu klubumuzdan de-yuri olaraq getməyib. “Moskva” futbolçu satmağı planlaşdırmır. Əsas seleksiya işlərimiz mövsümlərarası fasilədədir. Məqsədimiz heç də az uğurlar əldə etməyən döyüşkən heyəti saxlamaqdır. Futbolçularımızdan kiminsə artıq digər klublarla müqavilə bağlaması ilə bağlı xəbərlər reallığı əks etdirmir”.

Qeyd edək ki, “Moskva” Səmədovu ötən ilin iyulunda “Lokomotiv”dən 3,5 milyon dollara alıb.
0