“Donuz qripi”, Maribor sınağı və Kriştianu Ronaldo
17.11.2009 - 13:19
“Donuz qripi”, Maribor sınağı və Kriştianu Ronaldo
Sabah 2010-cu il dünya çempionatının (DÇ) seçmə mərhələsində Avropa zonasının bütün iştirakçıları müəyyənləşəcək. Apasport.az saytının məlumatına görə, Avropadan qalan 4 komandanın adı pley-off mərhələsinin cavab görüşlərindən sonra məlum olacaq. Böyük ehtimalla, həmin xoşbəxt kollektivlərdən biri Fransa olacaq. İrlandiyanı səfərdə məğlub etmiş fransızların evdə üstünlüyünü əldən verəcəyi real görünmür. Fransa qrupda 2-ci yeri tutub, pley-offa çıxanlar arasında DÇ-nin qalibi olan yeganə milli komanda olması ilə də seçilir.

Digər 3 cütdə isə şanslar demək olar, bərabərdir. Milli komandamızın yer aldığı 4-cü qrupdan pley-offa yüksələn Rusiya yığmasını Maribor şəhərində çətin sınaq gözləyir. Hər halda, Sloveniya yığmasının Moskvadakı görüşdə son dəqiqələrdə vurduğu qol ruslara cavab matçında əsl başağrısı yarada bilər. Meydan sahiblərinə DÇ-yə vəsiqə üçün 1:0 hesablı qələbə də kifayət edir. Sloveniyadan fərqli, Rusiya turnirin final mərhələsinin həyəcanını yaşayıb.

Rusların prinsipial rəqibi Ukrayna ardıcıl ikinci dəfə sözügedən mötəbər yarışın iştirakçısı olmağa yaxındır. Avropa çempionu Yunanıstanla səfərdə qolsuz heç-heçə kifayət qədər münasib nəticə sayılır. Ukraynalılara Cənubi Afrika Respublikasına vəsiqə üçün evdə istənilən hesablı qələbə kifayət edir. Təbii ki, istənilən qollu heç-heçə qonaqların xeyrinə olacaq. Yunanlar Ukraynada həm rəqibə qarşı, həm də orada geniş yayılan “donuz qripi”nə yoluxmamaq uğrunda mübarizə aparacaq. Təsadüfi deyil ki, Ellada təmsilçisinin üzvləri oyunun keçiriləcəyi Donetsk şəhərinə qoruyucu maskalarda gəliblər. Yunanıstan da rəqibi kimi tarixində bir dəfə DÇ-nin final mərhələsində oynayıb ki, bu, ötən əsrdə olub.

Gecənin ən maraqla gözlənilən oyunlardan biri milli komandamıza da yaxşı tanış olan Zenitsa şəhər stadionunda olacaq. Bosniya və Herseqovina yığmasının adətən ev oyunlarını keçirdiyi arenada Berti Foqtsun baş məşqçi postunda debütü reallaşıb - 0:1. Türkiyə yığmasının dünya çempionatına çıxmaq perspektivinin üstündən xətt çəkən bosniyalılar tarixlərində ilk dəfə mötəbər yarışın iştirakçısı ola bilər. Bunun üçün güclü rəqib Portuqaliya yığması üzərində evdə iki top fərqi ilə qalib gəlmək lazımdır ki, bunu yerinə yetirmək heç də asan məsələ deyil. Özü də Bosniyaya öz meydanında qol buraxmamaq da əsas şərtdir. Portuqaliya yığması isə lideri, kapitan Kriştianu Ronaldonun xidmətindən yenə yararlana bilməyəcək. Ötən mövsüm dünyanın və Avropanın ən yaxşı futbolçusu seçilən 24 yaşlı hücumameylli yarımmüdafiəçi zədə üzündən cavab görüşünü də buraxmalı olacaq. Sözsüz ki, dünyanın ən yaxşı, eyni zamanda ən bahalı futbolçusu olan Ronaldosuz DÇ-nin marağı az olar. Bu mənada Kriştianunun çoxsaylı fanatları Portuqaliya yığmasının uğuru üçün dua edəcəklər.

22:00. Ukrayna – Yunanıstan
Baş hakim: Oleqario Benqyuerença (Portuqaliya)
İlk oyun – 0:0

23:45. Sloveniya – Rusiya
Baş hakim: Terye Hauqe (Norveç)
İlk oyun – 1:2

23:45. Bosniya və Herseqovina – Portuqaliya
Baş hakim: Roberto Rosetti (İtaliya)
İlk oyun – 0:1

00:00. Fransa – İrlandiya
Baş hakim: Martin Hansson (İsveç)
İlk oyun – 1:0

Qeyd: oyunların başlanma saatı Bakı vaxtı ilə göstərilib.
0