AFFA çempionatın oyununun yenidən keçirilməsinə qərar verdi
17.11.2009 - 14:27
AFFA çempionatın oyununun yenidən keçirilməsinə qərar verdi
Azərbaycan çempionatının oyunlarından biri yenidən keçiriləcək. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, assosiasiyanın İntizam Komitəsi həvəskarlardan ibarət komandalar arasında ölkə birinciliyinin “Zəngəzur” - “Həkəri” qarşılaşmasının yenidən keçirilməsinə qərar verib. Rəqiblər arasında ötən həftə baş tutmalı olan oyun “Həkəri”nin matça vaxtında gəlməməsi üzündən keçirilməmişdi. Belə ki, avtobusun yolda sıradan çıxması nəticəsində bu komanda 30 dəqiqə yubanıb. Hər halda, “Həkəri” rəsmiləri yarışları keçirən AHFF-nin məsul şəxsini və matçın komissarını bu hadisə haqqında məlumatlandırıblar. Qonaqlar stadiona çatdıqdan sonra hakimlərin və komissarın müşayiəti ilə meydançaya daxil olsalar da, “Zəngəzur” matça başlamaqdan imtina edib. Bütün bunları, həmçinin komandanın oyuna üzrlü səbəbdən gecikdiyini və idman prinsiplərinin pozulmamasını nəzərə alan İntizam Komitəsi AHFF-nin təyin edəcəyi tarixdə rəqiblərin yenidən üz-üzə gəlməsini məqsədəuyğun sayıb.

“Kapital bank U-15 Liqa”da da bir matç baş tutmayıb. İlk turda üzrlü səbəb olmadan “Neftçi” ilə oyuna gəlməyən Tovuzun “Turan” klubuna 0:3 hesablı texniki məğlubiyyət verilib.
0