Qadın futbolçularımız, sağ əliniz kişilərin başına!
17.11.2009 - 16:09
Qadın futbolçularımız, sağ əliniz kişilərin başına!
18 noyabr 2009-cu il futbol üzrə Azərbaycan milli komandasının tarixinə düşəcək. Apasport.az saytının məlumatına görə, yığmamız 17 illik tarixində ilk dəfə Çexiya yığması ilə görüşəcək. Sabah Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn şəhərində keçiriləcək bu oyun dörd milli komanda arasında təşkil olunmuş beynəlxalq turnirin 3-cü yeri uğrunda görüşü olacaq. Yığmamız indiyədək çexlərlə nə dünya, nə də Avropa çempionatının seçmə mərhələsində üz-üzə gəlməyib. Heç yoldaşlıq görüşündə də Çexiya komandası ilə qüvvəmizi sınamamışıq. Bu baxımdan yalnız bir oyun istisna təşkil edir ki, həmin nəzərdə tutduğumuz görüş Berti Foqtsun vaxtında Çexiya klubu ilə olub. Praqa “Slaviya”sı ilə bu ilin fevralında elə BƏƏ-də keçirilən yoxlama oyunu milli komandamızın 0:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Maraqlıdır ki, çexlərlə elə aşağı yaş qruplarımızdan ibarət yığmalarımız da oyun keçirməyib. Yalnız qadın futbolçularımız bu sahədə təcrübəlidir. U-19 Boris Tibilovun baş məşqçisi olduğu dövrdə (2005/06 mövsümündə) Çexiyaya böyük hesabla uduzub - 0:3. İndiki çalışdırıcı Şamil Heydərovun komandası isə ötən mövsüm Bakıda qalib gəlib (2:1). Yeri gəlmişkən, qadınlardan ibarət əsas yığmamız cari seçmə mərhələdə də çexlərlə bir qrupda yer alıb.

Kişi futbolunda yığmadan fərqli, klub səviyyəsində Çexiya ilə görüşlərimiz olub. Təbii ki, bunlar avrokubok səviyyəsində keçirilib və bizim üçün uğursuzluqla nəticələnib. Çexiyanın “Yablonets” klubu “Qarabağ”ı, Praqa “Slaviya”sı isə “Şəmkir”lə “Karvan”ı qitə miqyaslı turnirlərdə mübarizədən kənarlaşdırıb. Bu azmış kimi, həmin 6 görüşdən heç birində qalib gələ bilməmişik. Yalnız Yunis Hüseynovun çalışdırdığı “Karvan” səfərdə “Slaviya” ilə görüşdə uduzmaması ilə öyünə bilər – 0:0.

Azərbaycanla Çexiyanın futbol əlaqələrindən danışarkən, ölkəmizdə çalışanları da qeyd etməliyik. Təbii ki, bu baxımdan ilk öncə tanınmış çexiyalı məşqçi Vlastimil Petrjela yada düşür. Rusiyanın “Zenit” klubunda uğurlu işi ilə yadda qalan təcrübəli mütəxəssis 2007-ci ilin sentyabrında “Neftçi”nin baş məşqçisi təyin olundu. Ancaq Petrjelanın fəaliyyəti cəmi 4 ay çəkdi. Flaqman rəhbərliyi maraqlı açıqlamaları, çəkinmədən sözünü deməsi ilə diqqət mərkəzinə düşən 56 yaşlı çalışdırıcını 2007/08 mövsümünün ilk dövrəsindən sonra qovdu. Kazino oyunlarına ehtirası, çoxlu pul uduzması ilə yadda qalan, hətta narkoman olduğunu da etiraf edən Petrjela vətəninə qayıtdıqdan sonra ruhi-əsəb xəstəxanasında düşdü. Praqa klinikasında təxminən yarım il müalicə olunan “Neftçi”nin sabiq çalışdırıcısı budan sonra məşqçilik fəaliyyətinə döndü və hazırda Çexiyada ikinci liqada Jivkov təmsilçis “Viktoriya”nı çalışdırır. Petrjela müstəqillik dönəmində “Neftçi”nin ilk əcnəbi baş məşqçisi kimi tarixə düşüb.

Ölkəmizdə oynayan ilk çexiyalı futbolçu isə Bronislav Çervenkadır. Artıq üçüncü mövsümdür, Bakının “İnter” klubunun şərəfini qoruyan 34 yaşlı yarımmüdafiəçi Azərbaycan çempionu olub, Premyer Liqanın gümüş medalını qazanıb. “İnter”də daim forma geyinən Çervenkadan fərqli, həmyerlisi Tomaş İneman klubunda əsas heyət oyunçusu sayılmır. Cari mövsümdən ölkəmizdə çıxış edən çex müdafiəçi “Xəzər-Lənkəran”da daha çox ehtiyatda qalır və cəmi 3 oyunda 180 dəqiqə oynayıb.

Qeyd edək ki, Çexiyada indiyədək nə futbolçumuz oynayıb, nə də məşqçimiz işləyib.
0