Sloveniyalılar Bakıda baş verən qalmaqalı unuda bilmirlər
17.11.2009 - 16:18
Sloveniyalılar Bakıda baş verən qalmaqalı unuda bilmirlər
Azərbaycan və Rusiya milli komandaları arasında oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən rəsmi oyunda baş verənlər sloveniyalıların gözünü qorxudub. Apasport.az saytının məlumatına görə, 2010-cu il dünya çempionatının pley-off mərhələsi çərçivəsində sabah rusları qəbul edəcək bu ölkənin təmsilçiləri cavab görüşünün oynanılacağı Maribor şəhərində təhlükəsizlik məsələləri ilə bağlı məşvərət keçirəcək. Respublika stadionunun tribunalarında azarkeşlərimizlə rusiyalı fanatlar arasında yaranan insident böyük müzakirələrə səbəb olub ki, nəticədə məsələyə hətta FİFA da qarışıb. Dava-dalaşla bağlı araşdırmanı davam etdirən dünyanın ən ali futbol qurumu bu ayın sonunda qərarını açıqlayacaq.

Bakıda yaşananlardan nəticə çıxaran sloveniyalılar Rusiya ilə sabahkı görüşdə belə insidentin olmasına imkan vermək fikrində deyillər. Çılğınlığı, spirtli içkilərə aludə olması ilə seçilən rus azarkeşlər Respublika stadionunda tribunalarında düşən dava-dalaşın əsas təşəbbüskarları sayılır. Üstəlik, Bakı ilə müqayisədə Maribordakı matçın böyük əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, bu dəfə şimal qonşularımız səfərdə daha böyük problem yarada bilərlər. Bütün bunları göz önünə götürən sloveniyalılar Rusiya yığması ilə ev görüşündə təhlükəsizliyə xüsusi diqqət yetirəcək.

Maraqlıdır ki, Maribora Rusiya milli komandasını dəstəkləmək məqsədilə 30 serb azarkeş gələcək. Moskvanın “Lokomotiv” klubunun azarkeşləri isə yığmada təmsil olunan hücumçu Dmitri Sıçev üçün xüsusi banner hazırlayacaq.
0