Milli komandamızın baş məşqçisi: Bizim çatışmazlıqlarımız çoxdur
17.11.2009 - 17:06
Milli komandamızın baş məşqçisi: Bizim çatışmazlıqlarımız çoxdur
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Bernard Lippert AFFA-nın rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, almaniyalı mütəxəssis Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sabah Avstriyaya qarşı keçiriləcək oyun ərəfəsində fikirlərini açıqlayıb.

- Əvvəlcə, komandadakı son vəziyyətlə bağlı məlumat verməyinizi istərdik.
- Şotlandiya yığmasına böyük hesablı məğlubiyyətdən sonra əsas işimiz futbolçuları psixoloji cəhətdən hazırlamaq oldu. Bir-iki məşqlə oyunçularda böyük dəyişikliklər edə bilmərik. Ancaq futbolçuları Avstriya ilə matça psixoloji cəhətdən yaxşı hazırlamağa çalışırıq ki, qarşılaşmaya bədbin çıxmasınlar. Bunun üçün məşqçilər korpusu həm fərdi, həm də kollektiv şəkildə futbolçularla görüşüb söhbətlər edir, oyuna kökləməyə çalışır. İstəyirik ki, oyunçular üzərlərinə düşən məsuliyyəti dərk etsinlər.

- Əsas işinizin futbolçuları psixoloji cəhətdən hazırlamaq olduğunu dediniz. Sizcə, futbolçular ruh düşkünlüyünü üzərlərindən ata biliblərmi? Yəni gördüyünüz işin nəticə verdiyini müşahidə edirsinizmi?
- Məsələ burasındadır ki, futbolçularımızın əksəriyyəti öz klublarında aparıcı qüvvə deyillər. Dediyim kimi, əsas işimiz uşaqları psixoloji cəhətdən hazırlamaqdır. Nə qədər məğlub olsaq da, əvvəlki nəticələri unutmalarını və hansısa epizodlarda nisbətən üstünlükləri varsa, onları yada salmalarının lazım olduğunu deyirik. Məyusluğu üzərlərindən atdıqları halda, meydanda bizim istədiyimiz oyunu, arzuladığımız nəticəni göstərəcəklərini bildiririk.

- Şotlandiya yığması ilə matçda komandanın bir neçə aparıcı üzvü zədə ucbatından forma geyinə bilmədi. Avstriya ilə oyun ərəfəsində heyətdə nə kimi problemlər var?
- Təəssüflər olsun ki, eyni problemlər yenə də qalır. Əfran İsmayılovun zədəsini bərpa edib, bizə yardımçı olmasını gözləyirdik. Ancaq hələlik 100 faiz hazır deyil. Bundan başqa, Mirhüseyn Seyidov da zədəlidir, böyük ehtimalla avstriyalılarla oyunda bizə kömək edə bilməyəcək. Bir sözlə, yaradıcı futbol oynamaq baxımından çox çatışmazlıqların olduğunu deməliyəm. Sevindirici hal odur ki, “Bavariya”da hazırlıq keçən Tərlan Quliyev düşərgəmizə qatılıb. Zənnimcə, müdafiə xəttimizə çox kömək edəcək. Ancaq Tərlanın dərdimizə dərman olduğunu da deyə bilmərəm. Çünki 19 yaşı var. Nəzərə almaq lazımdır ki, Tərlan özündən iki yaş böyük futbolçulara qarşı oynamalıdırlar. Ola bilsin ki, bizim istədiyimiz oyunu nümayiş etdirə bilməsin.

- Şotlandlarla qarşılaşmada futbolçuların fiziki cəhətdən istənilən formada olmadığı ortaya çıxdı. Bu barədə nə deyə bilərsiniz?
- Oyunun 70-ci dəqiqəsindən sonra uşaqların, belə demək mümkünsə, gücləri tükəndi. Ancaq buna görə futbolçulara irad tuta bilmirəm. Çünki onlar öz klublarında oynamağı, 90 dəqiqə mübarizə aparmağı, yüksək təzyiq altında oyundan qopmamağı vərdiş etməlidirlər. Təəssüf ki, buna vərdiş etməyiblər. Son 5 gündə 2 ağır matç keçirməlidirlər. Bizim üçün asan olmayacaq. Oyunun çətin keçəcəyini bilirik. Təbii ki, heyətdə müəyyən dəyişikliklər olacaq.

- Yığmamız Avstriya ilə evdə keçirdiyi oyunda hesabda 1:0 irəlidə olarkən, son dəqiqələrdə buraxılan kobud səhvə görə məğlub oldu. Həmin oyunu izləməsinizmi? Ümumiyyətlə, rəqib haqda məlumatınız varmı?
- Bəli, həmin oyunu izləmişəm. Ancaq bu görüş o oyundan tam fərqli olacaq. Birincisi, avstriyalılar ötən matçda olduğu kimi bizi qeyri-ciddi rəqib kimi qəbul etməyəcəklər. İkincisi, həmin qarşılaşma ilə müqayisədə, heyətdə xeyli dəyişikliklər olub. Rəqib haqda onu deyə bilərəm ki, texnikalı futbolçulara malikdir. Əsasən qısa ötürmələrdən istifadə edirlər. Cinahlardan çox yaxşı oyun qururlar.
0