“Neftçi”nin sabiq çalışdırıcısı: Azərbaycanla oyunda Rusiya qələbəyə layiq deyildi
17.11.2009 - 17:17
“Neftçi”nin sabiq çalışdırıcısı: Azərbaycanla oyunda Rusiya qələbəyə layiq deyildi
“Milli komandamız noyabrın 18-də Sloveniyada uduzub, 2010-cu il dünya çempionatının final mərhələsinə çıxmasa, bu, mənim üçün böyük sürpriz, yaxud gözlənilməzlik olmayacaq. Çünki Qus Hiddinkin yetirmələri Moskvada elə də yaxşı oynamadılar. Meydanda boş-boşuna qaçırdılar və səhv buraxırdılar”. Apasport.az saytının məlumatına görə, bunu Bakının “Neftçi” klubunun sabiq məşqçisi Yuri Sevidov deyib.

Rusiyanın tanınmış mütəxəssisi, əməkdar məşqçi Sevidov milli komandasının pley-off mərhələsində Sloveniya yığması ilə sabah səfərdə keçiriləcək cavab görüşündə uğurlu nəticəyə inanmır. “Neftçi”nin sabiq çalışdırıcısı həmyerlilərini Azərbaycan yığması ilə matçlarda da qələbəyə layiq saymır: “Futbolçularımız Sloveniya ilə matçda yorğun görünürdülər. Üstəlik, tərtib edilən təqvimdə pley-off oyunlarının mümkünlüyü haqda heç düşünməyiblər də. Elə təəssürat yaranır ki, çempionatımızın təqvimini quranlar Rusiya yığmasının qrupda 1-ci yeri tutub, dünya çempionatına birbaşa vəsiqə qazanacağına möhkəm inanırdılar. Fikir verin, Ukraynada Yunanıstanla pley-off oyunu öncəsi turun görüşləri təxirə salındı, bizdə isə bunu etmədilər. Nəticədə sloveniyalılarla qarşılaşmanın sonunda gücümüz çatmırdı. Ümumiyyətlə, Rusiya yığması cari mövsümdə çox da inamlı çıxış etmir. Milli komandamız yalnız bir oyunu – Finlandiya ilə görüşü öz səviyyəsində keçirdi. Əvəzində Azərbaycan, Uels, Almaniya, hətta Lixtenşteynlə oyunlarda xoş təsir bağışlamadıq. Bir daha təkrar edirəm ki, Rusiya yığması final mərhələsinə çıxmasa, mən buna təəccüblənmərəm”.

Qeyd edək ki, Yuri Sevidov 1987-ci ildə “Neftçi” SSRİ çempionatında çıxış etdiyi zaman komandanın məşqçisi olub.
0