“Azərbaycanla sabahkı matçda mütləq qələbə qazanmalıyıq”
17.11.2009 - 18:16
“Azərbaycanla sabahkı matçda mütləq qələbə qazanmalıyıq”
“Azərbaycan yığması ilə sabahkı oyunda mütləq qələbə qazanmalıyıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Avstriya milli komandasının baş məşqçisi Andreas Hertsoq deyib.

Avropa çempionatının seçmə mərhələsinin növbəti matçında Azərbaycan yığmasını qəbul edəcək avstriyalıların çalışdırıcısı qarşılaşma ərəfəsində fikirlərini açıqlayıb. Hertsoq son oyunda Albaniya ilə heç-heçə edərək (2:2), vacib xallar itirmələrinin əvəzini milli komandamızdan çıxmaq istəyir: “Bu rəqiblə Bakıdakı ilk oyunda problemlərimiz var idi. Elə indi də qarşılaşmanın çərşənbə günü keçirilməsi heç də ideal deyil. Albaniyadakı xal itkisindən sonra Şotlandiyadan geri qalırıq. Hələ bir oyun az keçirən Belarus da bizdən az xal itirib. Tiranadakı xal itkisini Azərbaycanla oyunda “sığortalamağa” çalışacağıq. Düşünürəm ki, bunun öhdəsindən gələcəyik”.

Qeyd edək ki, sabah keçiriləcək Avstriya - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.
0