“Çexiya ilə oyunda Azərbaycana azarkeşlik edəcəyəm” EKSKLÜZİV
17.11.2009 - 18:52
“Çexiya ilə oyunda Azərbaycana azarkeşlik edəcəyəm” EKSKLÜZİV
Bakının “Neftçi” klubunun çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjelanın apasport.az saytına müsahibəsi

- Sabah keçiriləcək Azərbaycan - Çexiya oyunu öncəsi fikirləriniz bizim üçün çox maraqlıdır. Milli komandanızın yığmamızı asanlıqla məğlub edəcəyini düşünürsünüz?
- Yox. Məncə, belə olmayacaq. Çünki Azərbaycana qarşı oynayacaq çexiyalı futbolçular heç də ən güclülər deyil. Milli komandamızda belə heyətin olması qəribə haldır. Bizdə daha yaxşı futbolçular var və indi onlar yığmadan kənarda qalıblar. Birləşmiş Ərəb Əmirliklərinə 4-cü, 5-ci dərəcəli futbolçuları aparıblar. Buna görə hesab edirəm ki, Çexiya ilə Azərbaycan yığmaları arasında bərabər oyun gedəcək.

- Yəni şansları bərabər sayırsınız?
- Bəli. Mən meydanda bərabər səviyyəli mübarizə gözləyirəm.

- Çexiya yığmasını nəyin hesabına üstələyə bilərik?
- Oyun nizam-intizamı sayəsində. Ancaq təəssüf ki, bu, Azərbaycan futbolunun problemidir. Elə bizim milli komandada da bu baxımdan problem var. Çünki futbolçular uzun müddətdir bir yerdə oynamırlar və çoxlu çətinliklərin olacağını düşünürəm.

- “Neftçi”dən yaxşı tanıdığınız, çox bəyəndiyiniz müdafiəçi Rəşad Sadıqovun yoxluğunu çexlər üçün böyük üstünlük saymaq olar?
- Bəli. Bu, Azərbaycan yığması üçün ciddi itkidir. Rəşadın yoxluğunda həmyerlilərimin işi asan olacaq. Sadıqov çox səviyyəli müdafiəçidir və o, meydana çıxanda arxa xətt güclü təsir bağışlayır. Çexiya yığması Rəşadın yoxluğundan yararlana bilər.

- Milli komandanızın Birləşmiş Ərəb Əmirlikləri ilə oyunu izləmisinizmi?
- Bəli. Bu, bizim üçün çox pis görüş idi. Milli komandamız bərbad oynadı. Yığmamızın oyunu burada heç kimin xoşuna gəlmir. Hamı kollektivi söyür. Deyirlər ki, bu, nə yığma komandadır?

- Bəs Azərbaycan yığmasının İraqla görüşünə baxa bildiniz?
- Xeyr. Yalnız mətbuatdan oxudum ki, azərbaycanlılar 0:1 hesabı ilə uduzublar.

- BƏƏ-dəki beynəlxalq turnirin aşkar favoriti olan Çexiyanın heç finala yüksələ bilməməsi xəbərini necə qarşıladınız?
- Bu, mənim üçün həqiqətən də gözlənilməz, böyük sürpriz oldu. Milli komandamız özündən zəif rəqibi yenə bilmədi. Əslində, yığmamız indi heç də yaxşı günlərini yaşamır. Bunun da məntiqi nəticəsidir ki, 2010-cu il dünya çempionatının final mərhələsinə çıxa bilmədik. Çexiya yığmasında hansı futbolçuların oynadığını baxsaq, bu, gülməlidir. Onlar heç də ən yaxşı futbolçularımız deyil.

- Ümumiyyətlə, Çexiyada Azərbaycan milli komandası ilə oyun öncəsi hansı fikirlər səslənir? Şanslar necə dəyərləndirilir?
- Deyirlər ki, Çexiya yüz faiz Azərbaycan üzərində qələbə qazanacaq. Burada Azərbaycan futbolu haqda heç nə bilmirlər. Həmyerlilərim üçün sadəcə, bu, önəm kəsb etmir.

- Bəs siz Çexiyanın Azərbaycanı yüz faiz məğlub edəcəyini düşünmürsünüz?
- Yox. Mən belə fikirdə deyiləm. Çünki onlardan fərqli, mən Azərbaycan futboluna yaxından tanıyıram. Bilirəm ki, sizdə yaxşı futbolçular oynayır. Milli komandanızla görüş öncəsi Çexiyadan mənə zəng etmişdilər, qarşıdakı görüşlə bağlı fikirlərimi öyrənirdilər. Mən də dedim ki, rəqib pis komanda deyil, Azərbaycan yığması ilə görüşdən ehtiyatlanmaq lazımdır.

- Yəqin ki, sabahkı oyunu izləyəcəksiniz?
- Bəli.

- Maraqlıdır, hansı yığmaya azarkeşlik edəcəksiniz - Çexiyaya, yoxsa Azərbaycana? Mümkünsə, bu suala tam səmimi cavab verin...
- (gülür) Azərbaycana.

- Niyə?
- Çünki Azərbaycan mənə yad ölkə deyil. İndi sizin milli komandanızda “Neftçi”də işlədiyim futbolçular var. Mən onlara azarkeşlik edəcəyəm və yığmanızın qələbə qazanmasını istəyirəm. Həm də ona görə ki, Azərbaycan komandası bu oyunun favoriti deyil.

- Məgər Çexiya yığmasından elə incimisiniz ki, ondan üz çevirib, rəqibə azarkeşlik edəcəksiniz?
- Bu, milli komanda deyil. Sadəcə, ortabab futbolçulardan qurulmuş bir kollektivdir. Onların heyətində bir neçə güclü futbolçu var, qalanları kənarda qalıb. Belə yığma olmur.

- Onu da nəzərə alaq ki, sizlərə yaxşı tanış olan Berti Foqts 13 il öncə Çexiya milli komandasını finalda məğlub etməklə, sizin Avropa çempionu olmağınıza imkan verməyib. Həmyerliləriniz qisas almaq istədiyi alman həmkarınıza da azarkeşlik edəcəksiniz?
- Foqtsun həmin vaxt milli komandamızı məğlub etməsi yaxşı yadımdadır. Ancaq nəzərə alaq ki, onun rəhbərlik etdiyi Almaniya yığması o zaman çox güclü idi. Foqts hələ də Azərbaycan yığmasının baş məşqçisidir?

- Bəli. AFFA rəhbərliyi onunla iki illik yeni müqavilə imzaladı. Foqts 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər milli komandanızın sükanı arxasında olacaq.
- Deməli, belə. Afərin.

- Foqtsun vəzifəsində saxlanılması sizin üçün gözlənilməz oldu?
- (gülür). Bu, mənim üçün bir sürpriz olmadı. Qoy işləsin, buna qarşı çıxmıram. Əksinə, Foqtsa ən yaxşı arzularımı çatdırıram.

- Azərbaycan milli komandasının son oyunlarını izləmisinizmi? Foqtsun seçmə mərhələdə topladığı 5 xalı bizim üçün qənaətbəxş nəticə sayırsınızmı?
- Hesab edirəm ki, Azərbaycan yığması daha yaxşı oynamalıdır. Beş xal elə də yüksək nəticə deyil. Deyərdim ki, milli komandanızın nəticəsi pisdir. Əslində, ölkənizdə yaxşı futbolçular var və onlardan güclü komanda yaratmaq olar. Başa düşmürəm, Azərbaycan yığması niyə belə pis oynayır?

- Sizcə, Foqts AÇ-2012-nin final mərhələsinə çıxmaq uğrunda mübarizə apara bilən komanda yarada bilərmi? Ümumiyyətlə, onun bu vəzifəni yerinə yetirməsi realdırmı?
- Fikrimcə, hər şey realdır. Ancaq bir şərtlə ki, yaxşı oynasan. Yığmanız indiki kimi çıxış etsə, onda bu, real olmayacaq və yenə qrupda sonuncu, yaxud ondan əvvəlki yeri tutacaq.

- Bəs sizcə, yığmamıza necə oynamaq lazımdır?
- Daha yaxşı.

- Yəni baxımlı, hücum futbolu?
- Bəli. Bilirəm ki, Azərbaycanda potensiallı, yaxşı futbolçular var. Axı onlar yığmada niyə belə pis oynayırlar? Bu, mənə qaranlıq qalır. Bundan əlavə, niyə Azərbaycan yığması daha çox müdafiə olunur? Bundan yüksək səviyyədə oynamaq lazımdır.

- Milli komandamıza Çexiya yığması ilə sabahkı oyunda nə məsləhət verərdiniz?
- Məsləhətim odur ki, ilk növbədə müdafiədə diqqətli olsunlar, sayıqlığı əldən verməsinlər. Bir də ki, rəqibdən çəkinməyib, daha çox əks-hücum etsinlər. Belə oyunla uğur qazanmaq olar.
0