Berti Foqts: Artıq siz mənə öyrəşmisiniz, mən sizə yox - MÜSAHİBƏ
17.11.2009 - 20:11
Berti Foqts: Artıq siz mənə öyrəşmisiniz, mən sizə yox - MÜSAHİBƏ
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun apasport.az saytının Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinə müsahibəsi.

- İraqla görüşdə məğlubiyyətdən sonra yığmamız özünə gələ bilib?
- Mümkün olan qədər çalışmışıq. Oyunda sonra hazırlıq keçmişik.

- Məşqdə cəmi 10 futbolçu var idi. Bunlar İraqla oyunda meydana çıxmayan və ya az mübarizə aparanlar idi...
- Biz əsas oyunçulara nəfəslərini dərməyə imkan verdik. Samir Abbasov, Maksim Medvedev və Vaqif Cavadov ilk oyunu zədə üzündən buraxmışdılar. Onlar, həmçinin Fabio Luis Ramimlə Zeynal Zeynalov oyun formasını artırmalıdırlar. Sabahkı qarşılaşmada onlar komandaya kömək etməlidirlər

- Bu futbolçular sabah ilk dəqiqələrdən meydanda olacaq?
- Risk etmək istəmirəm. Hazır olsalar, oynayarlar.

- Futbolçular İraqla görüşdəki gözlənilməz məğlubiyyətdən sonra psixoloji cəhətdən ayılıbmı?
- Hamı hazırdır və uduzmağımızı unudublar. Biz qələbəni rəqibə hədiyyə etdik. Əslində isə komandamız daha güclüdür və daha çox imkanları oldu.

- Siz bura gətirdiyiniz bütün futbolçuları meydanda sınayacaqsınız?
- Mən artıq ilk görüşdə ehtiyat oyunçular skamyasında oturanları da unutmuşam (gülür). Mənim üçün əsas sabah kimin start heyətində meydana çıxacağı və oynamayan 3 futbolçunun durumudur. Mən onların bərpa olunmasını istəyirəm. Həm də qol vurmağımız vacibdir.

- Oteldə çexlərlə oyun haqda danışmamısınız ki?
- Hamı bilir ki, almanlarla çexlər dostdur. Bu turnirdir və hamı qələbə qazanmaq istəyir. 2012-ci il Avropa çempionatının seçmə oyunları ərəfəsində Çexiya ilə oynamaq sərf edir. Onlar Avropa komandasıdır və güclü rəqibdir.

- 1996-cı ildə Avropa çempionatının final oyununda Almaniyanın baş məşqçisi qismində Çexiyanı məğlub etmisiniz...
- 1976-cı ildəki qitə çempionatının final oyununda da futbolçu kimi, penaltilər seriyasında Çexoslovakiyaya uduzmuşam (gülür).

- Son vaxtlar Azərbaycan mətbuatı ilə ünsiyyətcil olmağa başlamısınız. Demək olar ki, yerli mətbuata uyğunlaşmısınız?
- Artıq siz mənə öyrəşmisiniz, mən sizə yox. Alman mütəxəssisə öyrəşmək üçün 2 il vaxt lazımdır (gülür).
0