Futbolçunun maşını qaban sürüsü ilə toqquşub
18.11.2009 - 10:35
Futbolçunun maşını qaban sürüsü ilə toqquşub
İngiltərənin “Nyukasl” klubunun futbolçusu Tamaş Kadar kuryoz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Macarıstan gənclər yığmasının da şərəfini qoruyan 19 yaşlı müdafiəçinin avtomobili qaban sürüsü ilə toqquşub. Xoşbəxtlikdən Kadar ciddi xəsarət almayıb.

Macarıstanda baş verən bu insidentin digər iştirakçısı futbolçunun atası olub. Məsələ ondadır ki, Tamaşın avtomobilini elə atası idarə edirmiş və o, sürüyə girərək, iki qabanı öldürüb. Kadarın agenti Viktor Koveşdinin sözlərinə görə, futbolçu ilə yanaşı, atası da xəsarət almayıb, ancaq avtomobilə ciddi xətər yetirilib.

Qeyd edək ki, Tamaş axırıncı dəfə 2011-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İtaliya yığması üzərində 2:0 hesablı qələbə matçında 90 dəqiqə oynayıb və qabırğasından zədə alıb.
0