Çexiyanın qapısına necə qol vurmalı?
18.11.2009 - 10:53
Çexiyanın qapısına necə qol vurmalı?
Bu gün Azərbaycan milli komandası ilə qarşılaşacaq Çexiya yığması “quru” seriyasını davam etdirməyə çalışacaq. Apasport.az saytının məlumatına görə, futbolçularımız Mihal Bilekin yetirmələrinin “tilsimlənmiş” qapısına yol tapmalıdırlar. Çexlər artıq bir neçə oyundur ki, qapılarından top buraxmırlar. Rəqibimiz sonuncu dəfə sentyabrın 5-də Slovakiya ilə Bratislavadakı qarşılaşmada (2:2) rəqiblərinə belə sevinc bəxş edib. Həmin vaxt Marek Şestakın 73-cü dəqiqədəki qolu bu baxımdan sonuncu olub.

Dünya çempionatına vəsiqə qazana bilməməsinə baxmayaraq, çexlər növbəti seçmə oyunlarda qapılarını toxunulmaz saxlayıblar. Seçmə mərhələnin son 3 matçında San-Marino (7:0), Polşa (2:0) və Şimali İrlandiya (0:0) yığmaları üçün rəqibimizin qapısı alınmaz qalaya çevrilib. Elə yığmamızın da iştirak etdiyi Birləşmiş Ərəb Əmirliklərindəki beynəlxalq turnirdə də çexlər “quru” seriyanı davam etdirib. Meydan sahibləri ilə görüşün 90 dəqiqəsində ümumiyyətlə qol vurulmayıb. Matçın taleyi yalnız penaltilər seriyasında həll olunub və ərəblər 3:2 hesabı ilə qalib gəliblər. Bununla da, Çexiya yığmasının qol buraxmadan keçirdiyi dəqiqələrin sayı 377-yə çatıb.
0