Şahin Diniyevə erməni rəqibindən sürpriz
18.11.2009 - 12:00
Şahin Diniyevə erməni rəqibindən sürpriz
Azərbaycanlı məşqçi Şahin Diniyevin çalışdırdığı Rusiyanın “Terek” klubunun ölkə çempionatındakı növbəti rəqibinin məşqçilər korpusunda gözlənilməz dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, həftəsonu Qroznıda qonaq olacaq Krasnodarın “Kuban” klubu tanınmış mütəxəssis Anatoli Bışovetslə yollarını ayırıb. Rusiyanın titullu məşqçilərindən sayılan Bışovets oktyabrın 15-də “Kuban”a məsləhətçi təyin olunmuşdu. Qabaqcadan belə planlaşdırılmışdı ki, o, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan komandada minimum cari mövsümün sonuna qədər işləyəcək. Ancaq “Kuban”ın Bışovetslə əməkdaşlığı artıq indi yarımçıq dayandırılıb və təcrübəli mütəxəssis postunu sona iki tur qalmış tərk etməli olub.

Ermənilərin çox məskunlaşdığı Krasnodarın güclülər dəstəsində yeganə komandasının baş məşqçisi də bədnam qonşularımızın nümayəndəsidir. Söhbət Poqos Qalstyandan gedir. Erməni çalışdırıcısı Bışovetsin vəzifəsindən azad edilməsini belə şərh edib: “Bizə çempionatın sonlarında belə yüksək səviyyəli peşəkar mütəxəssisin köməyi lazım idi. Göstərdiyi köməyə görə Bışovetsə çox minnətdarıq. Ancaq o, daha “Kuban”ın məsləhətçi-məşqçisi sayılmır. Bizim əməkdaşlığımız dayandırılıb”.

Qeyd edək ki, “Terek”də cari mövsümün sonuna qədər baş məşqçi əvəzi olan Diniyev yeganə ev oyunu noyabrın 21-də “Kuban”a qarşı keçirəcək.
0