Milli komandamızın möhtəşəm qələbəsi! - YENİLƏNİB
18.11.2009 - 18:27
Milli komandamızın möhtəşəm qələbəsi! - YENİLƏNİB
Bu gün futbol üzrə Azərbaycan milli komandası Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş beynəlxalq turnir çərçivəsində ikinci, sonuncu matçına çıxacaq. Berti Foqtsun yetirmələri yarışın 3-cü yeri uğrunda görüşdə Çexiyanı sınağa çəkəcəklər. Matç Əl-Ayn şəhərinin “Tahnoun Bin Mohammed” stadionunda baş tutacaq.

Apasport.az saytının Əl-Ayna ezam olunmuş xüsusi müxbiri Bakı vaxtı ilə saat 16:30-da başlanacaq görüşün nəticəsini onlayn təqdim edəcək. Sadiq oxucularımız matçda vurulacaq qolların müəllifləri, yaşanacaq maraqlı olaylar və oyunsonrası baş məşqçilərin səsləndirəcəkləri fikirlərlə saytımız vasitəsilə tanış ola bilərlər.

BƏƏ, beynəlxalq turnir
3-cü yer uğrunda görüş
Azərbaycan - Çexiya - 2:0
Qollar: Vaqif Cavadov, 25; Ruslan Abuşov, 89
Azərbaycan: Fərhad Vəliyev, Vladimir Levin, Mahir Şükürov, Elnur Allahverdiyev, Vaqif Cavadov, Aleksandr Çertoqanov (Rəşad Sadiqov, 32), Samir Abbasov, Elvin Məmmədov (Ernani Pereyra, 90), Ruslan Abışov, Maksim Medvedev, Fabio Luis Ramim (Vüqar Nadirov, 84)

Çexiya: Tomas Qriqar, Yan Simunek, Yan Raynox, Lukas Magera (Tomaş Netsid, 63), Marek Mateyovski (k) (Mihal Şveç, 75), Daniel Pudil, David Limberski, Mihal Papadopulos, Mario Liçka, Yan Blajek (Martin Fillo, 75), Mario Holek (David Rozenhal, 80)
Sarı vərəqələr: Maksim Medvedev, 2; Ruslan Abuşov, 3; Samir Abbasov, 28
Baş hakim: Fərid Əli (BƏƏ)
Əl-Ayn. “Tahnoun Bin Mohammed” stadionu

Birinci hissə başlandı.

Oyuna Çexiya yığması başladı.

2-ci dəq. Maksim Medvedev kobud oyuna görə sarı vərəqə ilə cəzalandırıldı.

3-cü dəq. Daha bir sarı vərəqə. Bu dəfə baş hakim eyni səbəbdən digər müdafiəçi Ruslan Abuşova xəbərdarlıq etdi.

5-ci dəq. Çexlər ilk təhlükəli vəziyyəti yaratdılar. Ancaq qapı önünə ötürülən topa başla tora göndərmək mümkün olmadı. Cavab həmləsində Mahir Şükürovun qüvvətli zərbəsi qapı tirini “yaladı”.

Baş hakim təxminən 3 dəqiqə oyunu saxladı. Yığmamızın baş məşqçisi Berti Foqts referi ilə mübahisə etdi. Bundan sonra hakim Foqtsun üst geyimini dəyişdirdi.

13-cü dəq. Çexiya yığmasının futbolçusu Daniel Pudil 20 metrlik məsafədən cərimə zərbəsini yerinə yetirdi. Fərhad Vəliyev epizodda inamlı təsir bağışladı.

25-ci dəq. QOOOOOOOOOOOLLLLLLL
Maksim Medvedevin sağ cinahdan ötürməsini Vaqif Cavadov möhtəşəm baş zərbəsi ilə qapıya göndərir - 1:0

28-ci dəq. Samir Abbasov da sarı vərəqə ilə cəzalandırıldı. Bu, yığmamızda artıq 3-cü xəbərdarlıqdır.

Aleksandr Çertoqanov ciddi zədələnir.

32-ci dəq. Foqts məcburi dəyişikliyə əl atır. Çertoqanovu Rəşad Sadiqov əvəzləyir.

34-cü dəq. İdman xoşbəxtliyi bizim tərəfimizdə olur. Pudilin 105 km/saat sürəti ilə vurduğu zərbə az qala qola çevriləcəkdi. Lakin top qapının üstündən keçir.

Yığmamızın müdafiə xəttində çatışmazlıqlar nəzərə çarpır. Xüsusilə sağ cinah müdafiəçisi Maksim Medvedev zəif təsir bağışlayır. 20 yaşlı futbolçu bir neçə epizodda kobud səhv buraxıb.

Birinci hissə başa çatdı.

İkinci hissəyə start verildi.

57-ci dəq. Bu dəqiqələrdə çexlər üstünlüyə yiyələniblər. Mihal Papadopulosun baş zərbəsi dirəyin yanından keçdi.

61-ci dəq. Milli komandamız rəqibi əks-hücumda yaxaladı. Elvin Məmmədov cərimə meydançasında Vaqif Cavadovu tapdı. Amma sonuncu topu qəbul edərkən, səhvə yol verdi.

Çexlərin ilk əvəzləməsi. Baş məşqçi Mihal Bilek hücumçu Netsidi mübarizəyə qoşdu.

67-ci dəq. Fabio Luis Ramim yaxın məsafədən iti bucaq altından qapıya zərbə endirir. Qriqar çox çətinliklə topu tutur.

Meydanda bərabər səviyyəli mübarizə gedir. Çexlər hücuma daha çox meylli olsalar da, istəklərinə çata bilmirlər.

Çexiya yığmasının daha iki futbolçusu meydana daxil olur.

Ön xətdə heç nə ilə seçilməyən Ramim Vüqar Nadirovla əvəzlənir.

84-cü dəq. Mahir Şükürov 35 metrlik məsafədən birbaşa qapını nişan alır. Yaxın küncə göndərilən topu qapıçı tutur.

89-cu dəq. Daha bir qol vurduq! Çexləri növbəti dəfə cəzalandırdıq!
Vaqif Cavadovun künc zərbəsini Ruslan Abuşov ustalıqla baş zərbəsi ilə qapıya fırlatdı.

Matç başa çatdı.

Beləliklə, Azərbaycan yığması Çexiya üzərində möhtəşəm qələbə sayəsində beynəlxalq turnirdə 3-cü pilləyə sahib çıxdı.
0