Yunanlar azərbaycanlılara oxşayırmış...
18.11.2009 - 12:55
Yunanlar azərbaycanlılara oxşayırmış...
Tanınmış ukraynalı məşqçi Leonid Buryak milli komandasının 2010-cu il dünya çempionatının pley-off mərhələsində rəqibi Yunanıstan yığması ilə bağlı maraqlı müqayisə aparıb. Apasport.az saytının məlumatına görə, Kiyevin “Dinamo” klubunda idman direktoru vəzifəsində çalışan 56 yaşlı mütəxəssis 2004-cü ildə Avropa çempionluğunu qazanan yunanları Cənubi Qafqaz komandalarına bənzədib.

Buryakın fikrincə, yunanlar azərbaycanlı və gürcü futbolçular kimi, topla oyuna daha çox üstünlük verirlər: “Yunanlar mənə hansısa xüsusiyyətləri ilə SSRİ çempionatında çıxış etmiş Cənubi Qafqaz komandalarını xatırladır. Onlar topla davranmağı həddən artıq xoşlayırlar. Ancaq bunun əvəzində topu almağı və böyük həcmdə “qara iş” görməyi sevmirlər. Mənə elə gəlir ki, yığmamızın baş məşqçisi Aleksey Mixayliçenko kimə qarşı oynadıqlarını yaxşı bilir. Əgər yunanları daim “bağlasan”, meydanda boş sahə verməsən, əks oyun qurmağa imkan verməsən, bunun sayəsində onları neytrallaşdırmaq olar. Gərək rəqibini üstələyəsən, ondan daha çox qaçasan, ona qarşı soyuq başla və isti ürəklə hərəkət edəsən. Bax, onda hər şey alınacaq. Şübhə etmirəm ki, Ukrayna yığması dünya çempionatına yollanacaq”.

Buryak SSRİ dövründə çoxsaylı mükafatlar qazandığı futbolçu karyerası zamanı dəfələrlə Bakının “Neftçi” klubuna qarşı oynayıb. Veteran yarımmüdafiəçi karyerasının böyük hissəsini keçirdiyi Kiyev “Dinamo”sunun heyətində 1975-ci ildə Kuboklar Kubokunu və UEFA Superkubokunu qazanıb. Bir vaxtlar milli komandamızın baş məşqçi postuna namizəd olan Buryak Ukrayna yığması və Kiyev “Dinamo”sunu çalışdırıb.

Qeyd edək ki, bu gün Yunanıstanla Donetsk şəhərində cavab görüşünə çıxacaq Ukrayna yığması ötən həftə səfərdə qolsuz heç-heçəyə nail olub.
0