Dünya futbolunun 10 ən kuryoz zədəsi
18.11.2009 - 13:18
Dünya futbolunun 10 ən kuryoz zədəsi
İngiltərə milli komandasının futbolçusu Frank Lempardla bağlı Böyük Britaniyada şayiələr yayılıb. Apasport.az saytının məlumatına görə, adanın futbol həvəskarları “Çelsi”nin yarımmüdafiəçisinin kuryoz şəkildə zədələndiyini düşünürlər. İngiltərə Futbol Assosiasiyası bunu təkzib etsə də, britaniyalılar Lempardın təyyarədə xəsarət aldığını fikirləşirlər. Futbolçu Qətərin paytaxtı Dohaya səfər zamanı təyyarənin dar kreslosunda əyləşdiyi üçün zədələnib. Bunu həqiqət kimi qəbul edən həmkarlarımız futbol tarixinin 10 ən kuryoz zədəsinin siyahısını tərtib edib.

1. Evdə it
İrlandiya milli komandasının futbolçusu Lay Lourens 2008/09 mövsümünün startında daban nahiyəsindən xəsarət alaraq, sıradan çıxıb. Demə, İngiltərənin “Stok Siti” klubunun şərəfin qoruyan yarımmüdafiəçi öz itini tapdalayıbmış. Həmin anda büdrəyərək, yıxılan futbolçu 3 ay yaşıl meydanlara həsrət qalıb.

2. Televiziya pultu
İngiltərə yığmasının qapıçısı Devid Ceyms tənbəlliyin güdazına gedib. Rahat vəziyyətdə televizoru izləyən futbolçu əlini uzadıb, pultu götürmək istəyib. Lakin o, belinin əzələsini dartaraq, zədələnib.

3. Köpəyin “əməyi”
“Brendford” klubunun qapıçısı Kris Brodinin karyerasına isə it son qoyub. 1970-cı ildə keçirilən ölkə çempionatının matçlarının birində meydana daxil olub, sürətlə qaçan köpək Krislə toqquşub. Nəticədə onun dizi qırılıb və bir daha futbol oynaya bilməyib.

4. Yumurta
Cəmi 6 ay əvvəl Şotlandiya “Reyncers”inin müdafiəçisi Kirk Broudfut xəstəxanaya çatdırılıb. Buna unikal hadisə səbəb olub. Mikrodalğalı sobada yeməyini qızdırmaq istəyən 25 yaşlı futbolçu bu məişət cihazının qapısını açmağa peşman olub. Belə ki, onun hazırlamaq istədiyi yumurta partlayaraq, sifətinə yapışıb. Üz nahiyəsindən yanıq xəsarəti alan Kirk xəstəxanada ilk yardımdan sonra evə buraxılıb. Amma uzun müddət futboldan kənarda qalıb.

5. “Ferrari”də olay
“Aston Villa” klubunun müdafiəçilərindən birinin başına gələn hadisə isə öz avtomobilində baş verib. O, “Ferrari”də yol gedərkən, maşının salonundakı cihazlardan birinə doğru uzanıb və nəticədə diz əzələsini dartıb. Birmingem təmsilçisi klubla bağlı bu hadisənin mətbuata sızmaması üçün əlindən gələni edib. Lakin belə hadisənin baş verdiyi üzə çıxıb. Adı hələ də gizlədilən həmin müdafiəçi isə dərhal “Ferrari”sini “Rover 416”ya dəyişib.

6. Maral
Ötən əsrin 70-ci illərində uğurlu çıxışı ilə vətənində tanınan norveçli Sven Qrondal milli komandanın heyətindəki oyunu da buraxmalı olub. Buna ...maral səbəb olub. Belə ki, səhər yüngül qaçışa çıxan skandinaviyalı meşədə maralla toqquşub.

7. Yavaş ol, ay uşaq!
“Blekbern”ün üzvü Devid Metti isə öz övladına görə əziyyət çəkib. Balaca uşaq 3 çarxlı velosipedi ilə atasını elə vurub ki, futbolçu bir müddət yaşıl meydanlardan kənar qalıb.

8. İt sidiyi
“Barnsli”nin yarımmüdafiəçisi Darren Barnard dizindəki zədə üzündən 5 ay futboldan uzaq düşüb. Buna səbəbkar onun köpəyi səbəb olub. Mətbəxdə yeri isladan it futbolçunun gölməçəni tapdalayıb sürüşməsinin günahkarına çevrilib. Bu sürüşmə isə Barnarda baha başa gəlib.

9. “Çənən yerə düşdü”
El arasında çox danışanlara “indi çənən yerə düşəcək” deyirlər. Bu məsəlin məcazi yox, həqiqi mənası ilə “Mançester Yunayted”in oyunçusu qarşılaşıb. 1975-ci ildə komandanın qapıçısı Aleks Stepni matç zamanı elə əsəbiləşib ki, hirsindən boğazı cırılanadək qışqırıb. Var gücünü çənəsinə qoyduğundan elə çənəsi də qırılıb.

10. Donuz faciəsi
1995-ci ildə indoneziyalı futbolçu Mistar faciəvi şəkildə vəfat edib. Buna bir sürü donuz səbəb olub. Məşq zamanı meydana daxil olan heyvanlar 25 yaşlı futbolçunu ölənədək tapdalayıb.
0