“Rəşad Sadıqov Çexiyada rahatca oynaya bilər”
18.11.2009 - 15:19
“Rəşad Sadıqov Çexiyada rahatca oynaya bilər”
Bakının “Neftçi” klubunun çexiyalı sabiq baş məşqçisi Vlastimil Petrjela vətənində azərbaycanlı futbolçuların oynamasını istəyir. Çexiyanın ikinci liqa təmsilçisi Jivkov “Viktoriya”sını çalışdıran 56 yaşlı mütəxəssis apasport.az saytına açıqlamasında əsas namizəd qismində Rəşad Sadıqovun adını çəkib. Petrjela “Neftçi”də 4 ay işlədiyi müddətdə 27 yaşlı müdafiəçinin oyunundan çox razı qalıb. Milli komandamızın kapitanı olan Sadıqovu Avropada oynamağa hazır sayan təcrübəli məşqçi onu Çexiyada görməyi arzulayır.

“Azərbaycanlı futbolçuları Çexiyaya gətirmək ürəyimdən keçir. Mən onların burada oynamasını istərdim. Niyə də yox? Ölkənizdə oynayan futbolçuların potensialına bələdəm. Düzdür, indi “Neftçi”də kimlərin çıxış etməsi haqda dəqiq məlumatım yoxdur. Ancaq mən orada işləyəndə yaxşı futbolçular var idi. Xüsusilə mərkəz müdafiəçisi - Rəşad Sadıqovu bəyənirdim. Onun oyunu çox xoşuma gəlirdi. Rəşad Çexiyada rahatca oynayar. Sadıqovun çoxdandır oynamadığını bilmirəm. Zədəli olmasını ilk dəfə sizdən eşitdim. Rəşada tezliklə sağalıb, yaşıl meydana qayıtmağı və karyerasında uğurlar arzulayıram” - deyə Petrjela vurğulayıb.

Yayda Ağdam “Qarabağ”ına keçən Rəşad cari mövsümdə zədə ucbatından uzun müddətdir yığmada da oynamır. O, indiyədək İranda “Fulad”, Türkiyədə “Kayserispor” və “Kocaelispor” klublarında legioner həyatı yaşayıb.

Qeyd edək ki, bu vaxta qədər Çexiya klubunda heç bir azərbaycanlı futbolçu oynamayıb.
0