Vlastimil Petrjela: Yenidən “Neftçi”nin baş məşqçisi olmağa hazıram
18.11.2009 - 16:23
Vlastimil Petrjela: Yenidən “Neftçi”nin baş məşqçisi olmağa hazıram
“Çexiyada işlərim yaxşı gedir. İndiki klubumda fəaliyyətimdən razıyam. Azərbaycanda mənə çox yaxşı idi. Təbii ki, “Neftçi”də işlədiyim dövrü nəzərdə tuturam”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Vlastimil Petrjela deyib.

2007-ci ilin sentyabrında flaqmanın baş məşqçi postunda Qurban Qurbanovu əvəzləyən 56 yaşlı çexiyalı mütəxəssis cəmi 4 aydan sonra vəzifəsindən qovulub. Vətəninə döndükdən sonra ruhi-əsəb xəstəxanasına düşən Petrjela məşqçilik fəaliyyətini bu il bərpa edib və hazırda Çexiyanın ikinci liqasında mübarizə aparan Jivkov “Viktoriya”sını çalışdırır: “Çexiyada daha yaxşı meydançalar var. Hazırlığımızın yaxşı getdiyini demək olar. “Neftçi”də bu baxımdan yaxşı, ancaq bir az fərqli idi. İndi elə bir komandada çalışıram ki, yüksək liqaya çıxmağı qarşısına məqsəd qoyub. Elə mən də güclülər dəstəsinə qayıtmaq istəyirəm. Hələlik aşağı divizionda çalışıramsa, bunda qorxulu heç nə yoxdur. Ona görə ki, bu komandada işləmək çox maraqlıdır. “Viktoriya” Çexiyada ən yaxşı klublardan biridir. Futbolçuların hazırlıq səviyyəsi qənaətbəxşdir. Ancaq deyə bilmərəm ki, həyatım boyu daim bu komandada çalışacağam”.

Azərbaycanda başına gələnlərə görə inciməyən Petrjela buradakı qısa müddətli fəaliyyətini xoş xatirə kimi yada salır və geri dönməyə hazırdır. “Neftçi” və “Viktoriya” arasında müqayisə aparan Petrjela maddi vəziyyətə də toxunub: “Fikrimcə, “Viktoriya”da maddi vəziyyət “Neftçi”dən yaxşıdır. Çexiyada daha böyük pullar xərclənilir. “Neftçi”də isə belə deyildi. Azərbaycanla müqayisədə vətənimdə daha çox qazanıram. Məbləği konkret açıqlamasam da, “Neftçi”də qazandığımdan bir neçə dəfə çoxdur (gülür). Ancaq bununla belə, yenidən Azərbaycanda işləmək istərdim. Azərbaycan mənim çox xoşuma gəlirdi. Bakı gözəl şəhərdir. Ora mənim üçün bir ekzotika idi (gülür). Mən komandamı çox sevirdim. Ancaq son vaxtlar Azərbaycandan, “Neftçi”dən heç bir təklif gəlməyib. Yadıma gəlmir ki, mənə ordan kimsə zəng etsin”.

Çexiyalı mütəxəssis son vaxtlar “Neftçi” haqqında məlumat toplaya bilmir. O, hətta flaqmanı indi kimin çalışdırmasından xəbərsizdir: “Hazırda “Neftçi”yə kim rəhbərlik edir? Vaqif Sadıqov? Onunla şəxsi tanışlığım yoxdur. Yalnız haqqında eşitmişəm. Bilirəm ki, yığmada işləyib. Hazırda “Xəzər-Lənkəran”da oynayan həmyerlim Tomaş İnemanı tanıyıram. Yadımdadır, bu müdafiəçi keçən mövsüm Çexiyada ikinci liqada oynayırdı”.

Qeyd edək ki, Azərbaycan çempionatında forma geyinən iki çexiyalı futbolçudan biri - Bronislav Çervenka 2007-ci ilin yayında, yəni Petrjeladan az öncə ölkəmizə gəlib və 34 yaşlı yarımmüdafiəçi Bakının “İnter” klubunda oynayır. 28 yaşlı İneman isə cari mövsümdən “Xəzər-Lənkəran”ın şərəfini qoruyur.
0