“Hətta Azərbaycan yığması daha mütəşəkkil komanda idi”
18.11.2009 - 17:35
“Hətta Azərbaycan yığması daha mütəşəkkil komanda idi”
Rusiya milli komandasının sabiq futbolçusu Vladislav Radimov Azərbaycan yığmasının oyununu unuda bilmir. Apasport.az saytının məlumatına görə, Sankt-Peterburqun “Zenit” klubunun sabiq kapitanı, hazırda bu komandada məsul vəzifədə çalışan veteran futbolçu dünya çempionatının pley-off mərhələsində qarşılaşdıqları Sloveniya ilə milli komandamızı müqayisə edib.

Radimovun fikrincə, rusların indiki rəqibi pley-offa çıxsa belə, Azərbaycan yığması ilə müqayisədə zəifdir. Onun düşüncələri bu gün keçiriləcək cavab matçı ərəfəsində qələmə aldığı müəllif yazısında da əksini tapıb: “Sloveniyalılarla ilk oyun başlamazdan əvvəl elə düşünürdüm ki, qarşımızda yaxşı təşkil olunmuş bir komanda olacaq. Rəqibin bir-birini yaxşı başa düşən, meydanda nə etməyin lazım olduğunu dərk edən futbolçulardan təşkil olunduğunu fikirləşirdim. Amma gördünüz ki, biz necə qollar vurduq, necə təhlükəli epizodlar yaratdıq. Eybi yox, razılaşaram ki, ilk qol fərdi ustalığın nəticəsi idi. Bəs ikinci qol? Hansı təşkil olunmuş komandadan danışmaq olar? Pavlyuçenkonun zərbəsi, Zıryanovun Arşavinə ötürməsi. Jirkovun keçidi isə... Yura mərkəzdən qaçırdı. Biri onun yanı ilə qaçırdı, digərinin isə ayaqlarının arasından topu keçirdi. Heç kim də onu “sığortalamadı”. Bir sözlə rəqib əsl kolxoz idi. Hətta Azərbaycan yığması daha mütəşəkkil komanda idi”.

Qeyd edək ki, 2007-ci ilin sonlarında çexiyalı mütəxəssis Vlastimil Petrjelanın “Neftçi”ni çalışdırdığı vaxt bakılılar Radimovu transfer edə bilərdi. Lakin o, hələ “Zenit”də rəhbərliyi altında oynadığı mütəxəssisin komandasına keçidi baş tutmayıb. İki il əvvəl bu transferin gerçəkləşməsinə Radimovun həyat yoldaşı, məşhur müğənni Tanya Bulanovanın Bakıya gəlmək istəməməsi əngəl olmuşdu.
0