“Bakı”nın sabiq məşqçisi işsiz qaldı
18.11.2009 - 18:37
“Bakı”nın sabiq məşqçisi işsiz qaldı
“Bakı” klubunun sabiq məşqçisi Çudomir Çokarov yenidən işsiz qalıb. Apasport.az saytının məlumatına görə, Qyoko Hacıyevskinin iki ay öncə istefa verməsindən sonra vətəninə qayıdan gənc çalışdırıcı növbəti dəfə “Vihren” klubunu tərk edib. “Bakı”da iki müxtəlif vaxtda işləyən Çokarov “zolaqlılar”dan ayrıldıqdan sonra hər iki halda, “Vihren”ə dönüb. Ancaq bu dəfə birdəfəlik getməyi qətiləşdirən bolqar artıq qərarını da təsdiqləyib.

“Klubun prezidenti Konstantin Dinevə həmişə minnətdar olacağam. Mənə güvəndiyinə və işləməyə imkan yaratdığına görə ona təşəkkür edirəm. Ancaq vaxt dəyişib və ötən illər ərzində məşqçilər dəyişsə də, mən hələ də qalıram. Rəhbərliyə istefa ərizəsi ilə müraciət edərək, məni vəzifəmdən azad etməyi xahiş etmişəm. “Vihren”ə bundan sonra da uğurlar arzulamaq istərdim. Çünki bu komanda həqiqətən mənim üçün doğmadır, karyeramda xüsusi yer tutur” - deyə Çokarov vurğulayıb.

A lisenziyası almaq üçün kursa yollanan Çokarov yaxın aylarda yalnız təhsilinə fikir vermək istəyir. Bolqar jurnalistlərin yazdığına görə, Çudomir yenidən Azərbaycanda xoşbəxtlik axtararaq, bəxtini bir daha orada sınayacaq.

Qeyd edək ki, fiziki hazırlıq üzrə məşqçi olan Çokarov Hacıyevski milli komandamızda da köməkçisi işləyib.
0