Berti Foqts: Təbriklər mənə yox, futbolçulara düşür
18.11.2009 - 19:18
Berti Foqts: Təbriklər mənə yox, futbolçulara düşür
“Bu möhtəşəm qələbəyə görə məni yox, futbolçuları təbrik edin. Bu gün onlar 90 dəqiqə gözəl futbol nümayiş etdirdilər”. Bunu apasport.az saytının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əl-Ayn şəhərinə ezam olunmuş xüsusi müxbirinə açıqlamasında Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.

Yığmamız BƏƏ-də keçirilən beynəlxalq turnir çərçivəsində bu gün Çexiyanı 2:0 hesabı ilə məğlub edərək, 3-cü yeri tutub. Almaniyalı mütəxəssis əldə olunan uğurda bir neçə yetirməsinin adını çəkib: “Mən xüsusilə ikinci qola görə çox sevindim. İlk qolu vuran Vaqif Cavadov daha sonra məhsuldar ötürmə ilə yadda qaldı. Onun künc zərbəsindən ötürdüyü topu Ruslanın başla qapıya göndərməsi çox gözəl alındı. Bu səviyyədə oyunu davam etdirmək lazımdır. Mən buna böyük ümid bəsləyirəm. Qapıçımız Fərhad Vəliyevə görə də sevindim. O, nəhayət qol buraxmadı. Həmişə ilk növbədə öz komandamın çıxışını düşünmüşəm. Rəqibə fikir verməmişəm. Məni komandamın oyunu maraqlandırır”.
0