Mahir Şükürov: Biz artıq hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq
18.11.2009 - 21:13
Mahir Şükürov: Biz artıq hər oyuna qələbə qazanmaq üçün çıxmalıyıq
“Siz də havanın necə isti olmasının şahidi oldunuz. Rəqib komanda da güclü Çexiya yığması idi. Şükürlər olsun ki, qələbə qazanmağı bacardıq”. Bu sözləri apasport.az saytının Əl-Ayn şəhərinə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan yığmasının futbolçusu Mahir Şükürov deyib.

Birləşmiş ərəb Əmirliklərində təşkil olunan beynəlxalq turnir çərçivəsində Çexiya üzərində qələbə qazanmaqla, üçüncü yeri tutan milli komandamızın yarımmüdafiəçisi bildirib ki, rəqiblə müqayisədə daha yaxşı oynadılar: “Ola bilsin ki növbəti mərhələdə Çexiya ilə eyni qrupda mübarizə apardıq. Ona görə də, onlara gücümüzü göstərmək istəyirdik. Düşünürəm ki, rəqibdən bir baş güclü futbol oynadıq. Heyətlərin gənclərdən təşkil olunmasına baxmayaraq, çoxları Avropa ölkələrində legioner həyatı yaşayırlar. Komandamıza gəlincə, artıq formalaşmışıq və özümüzə inamı artırmalı, hər oyuna qələbə üçün çıxmalıyıq”.
0