Avstriyadakı rüsvayçılığın təfərrüatları
19.11.2009 - 11:46
Avstriyadakı rüsvayçılığın təfərrüatları
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının (U-21) Avropa çempionatının seçmə mərhələsində Avstriyaya böyük hesabla uduzmasının (0:4) əsas səbəbləri məlum olub. Apasport.az saytının məlumatına görə, yığmamız matçın 56 dəqiqəsini azlıqda keçirib. Belə ki, görüşün 34-cü dəqiqəsində, hesab 0:2 olarkən, cərimə meydançasından kənarda əllə oynadığından, qapıçımız Elçin Sadıqova qırmızı vərəqə göstərilib. Demə, Avstriyada ən böyük rüsvayçılıq bu deyilmiş. Biabırçılıq ondan ibarət olub ki, baş məşqçi Bernard Lippert “18-liy”ə yalnız 1 qapıçının adını daxil edib. Halbuki, ilkin heyətdə digər qapıçı Aqil Məmmədov da yer almışdı. Ancaq Məmmədovun səfərə aparılıb-aparılmaması və ya Avstriya ilə oyunda ilk “18-liy”ə salınıb-salınmaması bilinmir.

Fakt odur ki, Lippert qarşılaşmanın 34-cü dəqiqəsində mərkəz müdafiəçisi Vurğun Hüseynovu qapıya qoyub. Vurğun da Elçin kimi, iki qol buraxıb. 0:4 hesablı ağır məğlubiyyətlə üzləşən U-21-də baş məşqçinin hərəkətləri isə hələ də anlaşılmaz görünür. Çünki Lippert ən azı “yaxşı qapıçı komandanın yarısıdır” misalını unutmamalı idi. Belə olsaydı, Avstriyada qapıçısız qalıb, rüsvay olmazdıq. Yəqin ki, bu da bəxtsiz U-21-in məşqçi korpusunun özünəməxsus taktikasıdır. Bizə darmadağınlar yaşadan taktika...
0