Berti Foqtsun və milli komandamızın uğuru dünya mətbuatında
19.11.2009 - 11:59
Berti Foqtsun və milli komandamızın uğuru dünya mətbuatında
Azərbaycan milli komandasının Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən beynəlxalq turnirdə Çexiyanı məğlub etməsi dünya mətbuatının da diqqətindən kənarda qalmayıb. Apasport.az saytının məlumatına görə, noyabrın 18-də keçirilən yoldaşlıq oyunları və bu cür yarışlarla bağlı reportaj hazırlayan həmkarlarımız yığmamızın uğuruna xüsusi yer ayırıb.

Almaniyalı jurnalistlər əsasən, həmvətənləri Berti Foqts və səfərdə yoldaşlıq görüşü çərçivəsində Avstriyanı üstələmiş (5:1) İspaniya milli komandasına daha çox diqqət veriblər. Qəzetlərdə və portallarda “İspaniyanın asan qələbəsi və Foqtsun böyük uğuru” kimi manşetlərə rast gəlmək mümkündür. Foqtsun həmyerliləri Avropanın sabiq vitse-çempionu Çexiyanın FİFA-nın reytinq cədvəlində 125-ci sırada qərarlaşmış Azərbaycan yığmasına 0:2 hesabı ilə uduzmasını sevinclə qarşılayıblar. Onlar bir müddət əvvəl AFFA rəhbərliyi ilə müqaviləsinin müddətini 2 il artıran Foqtsun yetirmələrinin uğurlarının ənənəyə çevrildiyini də bildiriblər: “Artıq Foqtsun komandasının uduzmadığı oyunların sayı artıb. O, son 4 matçdan 3-də məğlub olmayıb”.

Qeyd edək ki, dünya çempionatının seçmə mərhələsinin axırıncı 2 oyununda Lixtenşteyn (2:0) və Rusiya (1:1), beynəlxalq turnirdə isə İraq (0:1) və Çexiya (2:0) ilə görüşən futbolçularımız bu qarşılaşmalarda hesabına 7 xal yazıb.
0