ŞOK: Anri əllə qol vurulduğunu etiraf etdi!
19.11.2009 - 12:17
ŞOK: Anri əllə qol vurulduğunu etiraf etdi!
Fransa milli komandasının hücumçusu Tyerri Anri 2010-cu il dünya çempionatının pley-off mərhələsində İrlandiya yığması ilə cavab görüşünün həlledici məqamında əllə oynadığını etiraf edib. Apasport.az saytının məlumatına görə, 32 yaşlı futbolçu matçın əlavə vaxtında komanda yoldaşı Vilyam Qallasa məhsuldar ötürmə verməzdən öncə topu əllə qabağına atdığını boyuna alıb. Ancaq bununla belə, o, özünü günahkar saymayaraq, məsuliyyəti hakimin üzərinə atıb.

“Bəli, həmin epizodda əllə oynadım, ancaq mən hakim deyiləm axı. Top əlimə dəyən zaman rəqibin cərimə meydanında iki müdafiəçinin qarşısında idim. Bu, həndbol ötürməsi kimi alındı. Top əlimə dəydi və bundan sonra Qallasa ötürmə verdim. Buna diqqət yetirməyən referi oyunu saxlamadı və mən də ötürmə etdim. Buna görə də bütün sualları hakimə verin. İstənilən halda, bu epizod dünya çempionatına çıxmaq sevincimizi azalda bilməz” - deyə Anri vurğulayıb.

Qeyd edək ki, isveçli FİFA hakimi Martin Hanssonun idarə etdiyi oyunun əsas vaxtı irlandların 1:0 hesablı qələbəsi ilə nəticələnib. İki görüşün nəticəsi eyni olduğundan, komandalar əlavə 30 dəqiqə də oynamalı olublar. Qallasın 103-cü dəqiqədə Şey Qivenin qapısına vurduğu qol sayəsində matç 1:1 hesabı ilə başa çatıb və bu nəticə Fransa yığmasını dünya çempionatının final mərhələsinə çıxarıb.
0