Vaqif, qol vur, qalib gələk!
19.11.2009 - 13:22
Vaqif, qol vur, qalib gələk!
Vaqif Cavadov Azərbaycan milli komandasının bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib. Apasport.az saytının məlumatına görə, Ağdamın “Qarabağ” klubunun da şərəfini qoruyan 20 yaşlı hücumçu yığma karyerasında 5-ci qolunu Birləşmiş Ərəb Əmirliklərinin Əl-Ayn şəhərində keçirilmiş beynəlxalq turnirdə 3-cü yer uğrunda oyunda (2:0) Çexiyanın qapısına vurub.

Milli komandamızda ilk qolunu da beynəlxalq yarışda vuran Vaqif birinci dəfə 2007-ci ilin martında, onu yığmaya gətirən baş məşqçi Şahin Diniyevin dövründə Qırğızıstan yığmasını məyus etmişdi. Cavadov bundan sonra indiki çalışdırıcı Berti Foqtsun rəhbərliyi altında fərqlənib. O, Küveytlə yoxlama oyununda, 2010-cu il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Lixtenşteyn və Rusiya ilə rəsmi görüşlərdə adını tabloya yazdırıb. Beş qoldan 4-ü səfərdə vuran Vaqifin fərqləndiyi görüşlərdə ayağı düşərli olur. Təsadüfi deyil ki, belə oyunların heç birində uduzmamışıq: 3 qələbə, 2 heç-heçə. Cavadov çexlərlə görüşdə məhsuldar ötürmə də verərək, matçın qəhrəmanına çevrilib.

İndi Vaqif hesabında 5 qol olanlara - Fərrux İsmayılov, Nazim Süleymanov, Vidadi Rzayev və Vyaçeslav Lıçkinə çatıb. Son 3 futbolçu bir neçə il öncə karyeralarını bitirib. Əvvəlki çıxışından əsər-əlamət qalmayan Fərrux isə artıq 3 ildir yığmadan kənarda qalıb. Foqtsun İsmayılovla yanaşı, Zaur Tağızadə və Branimir Subaşiçə də dəvət göndərmədiyini nəzərə alsaq, Cavadov onlara nəinki çatmaq, hətta qabaqlamaq üçün yaxşı imkana malikdir.

Milli komandamızın bombardirləri (ən azı 3 qol vuranlar)
Qurban Qurbanov – 14 qol
Zaur Tağızadə, Branimir Subaşiç (Serbiya) - 6
Vaqif Cavadov, Fərrux İsmayılov, Nazim Süleymanov, Vidadi Rzayev, Vyaçeslav Lıçkin - 5
Samir Əliyev, Nadir Nəbiyev, Yunis Hüseynov - 4
Elvin Məmmədov, Rəşad Sadıqov, Emin Quliyev, Fabio Luis Ramim (Braziliya) – 3
0