“Spartak”ın legioneri milli komandamızdan danışdı
19.11.2009 - 13:58
“Spartak”ın legioneri milli komandamızdan danışdı
Moskvanın “Spartak” klubunun avstriyalı müdafiəçisi Martin Ştransl Azərbaycan milli komandasını yada salıb. Apasport.az saytının məlumatına görə, təcrübəli futbolçu üçün yığma karyerasında ən uğurlu oyunlardan biri milli komandamızla rəsmi görüş olub. 2006-cı il dünya çempionatının seçmə mərhələsi çərçivəsində Vyanada keçirilən qarşılaşmanın (2:0) 23-cü dəqiqəsində hesabı açan Ştransl yığmada ümumilikdə, 3 qol vurub.

“Əlbəttə, yığmada vurduğum 3 qolun hamısını xatırlayıram. Azərbaycan, Uels və Farer adaları yığmalarının qapısına qol vurmuşam. Bu qollardan ən vacibi Uelslə oyunda olub. 2005-ci ildə Kardiffdə keçirilən həmin vacib görüşdə 2:0 hesabı ilə qələbə qazandıq. Şübhəsiz ki, beynəlxalq karyeramda ən önəmli olay ötən il vətənimizdə keçirilən Avropa çempionatının final mərhələsində iştirakım idi. Stadionlarda sözlə ifadəsi olunmayan atmosfer, azarkeşlərin inanılmaz dəstəyi vardı” - deyə Ştransl vurğulayıb.

Qeyd edək ki, Avstriyaya 2004-cü ilin sentyabrın 8-də braziliyalı Karlos Alberto Torresin vaxtında uduzan milli komandamız bir il sonra Bakıdakı cavab görüşünə yeni çalışdırıcısının rəhbərliyi altında çıxıb. Vaqif Sadıqov 2005-ci ilin sentyabrın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda avstriyalılarla qolsuz heç-heçə edərək, yığmada ilk və yeganə xalını qazanıb.
0