Futbol siyasiləşdi: Misir Əlcəzairdəki elçisini geri çağırdı
20.11.2009 - 16:20
Futbol siyasiləşdi: Misir Əlcəzairdəki elçisini geri çağırdı
Misir və Əlcəzair futbol yığmaları arasında dünya çempionatının pley-off matçından sonra yaşanan olaylar siyasiləşib. Apasport.az saytının məlumatına görə, noyabrın 18-də Sudanın paytaxtı Xartumda keçirilən həlledici qarşılaşmanın ardından Misirin Xarici İşlər Nazirliyi hərəkətə keçib.

Nazirlik rəsmiləri öncə Əlcəzairin Qahirədəki səfirini görüşə dəvət edərək, oyundan sonra yaşanan xoşagəlməz hallara görə, narahatçılıqlarını söyləyiblər. Ardından Misir dövləti Əlcəzairdəki səfiri Əbdüləziz Seyf əl Nasrı geri çağırıb. Yayılan xəbərlərdə bildirilir ki, səfirin geri çağırılmasına şəxsən Misir prezidenti Hüsnü Mübarək qərar verib.

Xartumda gerçəkləşən matçda minimal hesablı qələbə qazanan Əlcəzair dünya çempionatının final mərhələsində iştirak hüququna yiyələnib. Bu qarşılaşmadan sonra misirli azarkeşləri hava limanına aparan avtobus əlcəzairli fanatlar tərəfindən daşa basılmışdı. Nəticədə bir neçə azarkeş yüngül zədələnmişdi. Hadisə zamanı Sudan asayiş keşikçilərinin tamaşaçı mövqeyi tutması Misirlə bu ölkə arasında da siyasi müstəvidə gərginliyə yol açıb. Sudan Xarici İşlər Nazirliyi Misirin Xartumdakı səfirliyini çağıraraq, sudanlılara qarşı yönələn ittihamları rədd edib.

Noyabrın 14-də Qahirədə keçirilən oyundan öncə isə daha böyük miqyaslı qalmaqal yaşanmışdı. Misir paytaxtında Əlcəzair milli komandasını daşıyan avtobus daşa basılmışdı. Nəticədə qonaq komandanın 3 futbolçusu xəsarət almışdı. Onlardan ikisi oyuna başı sarıqlı çıxmışdılar.

Son hadisələrdən qəzəblənən Misir Futbol Federasiyasının rəhbərliyi daha bir qəti addım atıb. Misir Şimali Afrika Futbol İttifaqından (UNAF) üzvlüyündən istefa verib.
0