Qroznıda azərbaycanlı - erməni qarşıdurması
20.11.2009 - 16:39
Qroznıda azərbaycanlı - erməni qarşıdurması
Sabah Qroznı şəhərində Azərbaycan futbolu üçün tarixi bir oyun olacaq. Apasport.az saytının məlumatına görə, Rusiya Premyer Liqasının XXIX turu çərçivəsində “Terek” – “Kuban” matçı azərbaycanlı – erməni qarşıdurması kimi yadda qalacaq.

“Terek” klubunun baş məşqçisi olan Şahin Diniyevin rəqibi “Kuban”ın erməni çalışdırıcısı Poqos Qalstyan olacaq. Çeçenistan paytaxtındakı görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Əslində, Diniyevin bədnam qonşularımıza daha əvvəl gücünü göstərmək imkanı olsa da, UEFA buna imkan verməmişdi. Məsələ ondadır ki, 43 yaşlı mütəxəssis milli komandamızı çalışdırdığı, yəni 2008-ci il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ermənistanla bir qrupa düşmüşdü. Ancaq bu ölkələrin yığmalarının oyunlarının neytral meydandan keçirmək variantını da qəbul etməyən qitə futbol qurumu 2007-ci ilin sentyabrın 6-da və 10-da keçirilməli olan görüşləri ləğv etdi.

İndi azərbaycanlı və erməni məşqçilər Rusiyada münasibətlərini ayırd edəcək ki, Krasnodarda ermənilərin çoxluq təşkil etdiyi nəzərə alsaq, bu şəhərin komandasının sükanı arxasında həmin milliyyətin nümayəndəsinin olması təəccüb doğurmamalıdır.
“Terek”dən fərqli olaraq “Kuban” üçün sabahkı oyun “ölüm-dirim” məsələsidir. Axı turnir cədvəlində 15-ci yerdə gedən Krasnodar təmsilçisi Premyer Liqada qalmaq uğrunda mübarizə aparır. Hazırda 11-ci pillədə qərarlaşan Qroznı təmsilçisi isə bu vəzifəni çoxdan yerinə yetirib. “Kuban”a da buna nail olmaq üçün son iki turda mütləq qələbə qazanmaq lazımdır.

Bu mənada adı danışılmış oyunlarda hallanan “Terek”in rəqibinə bilərəkdən uduzacağı hətta bukmeker kontorlarında da böyük şübhələrə səbəb olub. Təsadüfi deyil ki, məhz bu oyuna pul qoyuluşu götürülmür. Bundan əlavə, “Terek”in cari mövsümün son iki oyununda əsasən gənclərdən ibarət komandanın futbolçularını sınamağı qərara alması da həlledici amildir. Ancaq bütün bunlar Diniyevin qələbə əzmini qırmamalıdır. Əvvəla, oyun qərib ölkədə olsa belə, rəqib komandanın baş məşqçisinin erməni olması istər-istəməz prinsipiallığı artırmalıdır. Digər tərəfdən, təqvim elə alınıb ki, mövsümün sonuna beş tur qalmış Vyaçeslav Qroznının istefa verməsindən sonra “Terek”in gənclərdən ibarət komandasından əsas komandanın sükanı arxasına keçən Diniyev yeganə ev oyununu məhz “Kuban”a qarşı keçirəcək. Deməli, çalışdırıcımız Qroznı publikası qarşısında ilk və cari mövsüm üçün ilk sınağında etimadı doğruldub, mütləq uğur qazanmalıdır.

“Terek” – “Kuban” görüşünü FİFA hakimi İqor Yeqorov idarə edəcək.
0