Berti Foqts Ukrayna milli komandasına təklif olundu
20.11.2009 - 18:06
Berti Foqts Ukrayna milli komandasına təklif olundu
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Ukrayna yığmasına təklif olunub. Apasport.az saytının məlumatına görə, tarixində 4-cü dəfə pley-off mərhələsində uğursuzluğa düçar olan ukraynalılar 2010-cu il dünya çempionatına çıxa bilmədikdən sonra baş məşqçi Aleksey Mixayliçenkoya əvəzləyici axtarırlar.

Bu mənada Avropanın aparıcı məşqçiləri ilə işləyən, adı açıqlanmayan əcnəbi agent Ukrayna yığmasına namizədlər haqda danışarkən, Foqtsun da adını çəkib: “Xuande Ramos indi boş olsa da, o, Moskva MOİK-ində heç nə edə bilmədi. Bir də ki, ispan mütəxəssis Ukraynada çalışmaz. Qus Hiddink Rusiyaya Avropa çempionatının bürünc mükafatını, Dik Advokat isə “Zenit”lə UEFA kubokunu qazandığı üçün gözü yumulu bu ölkədə işləməz. Ukrayna yığmasına alman mütəxəssis yaxşı olardı. Bu zaman ilk ağla gələn 1996-cı ildə Almaniya ilə Avropa çempionluğunu qazanan Berti Foqtsdur”.

Milli komandamızda son vaxtlar uğurlu işi ilə yadda qalan Foqts nəinki postsovet məkanında, Avropada da diqqət mərkəzinə düşüb. Ancaq 63 yaşlı alman mütəxəssisin yaxınlarda AFFA rəhbərliyi ilə yeni iki illik müqavilə bağladığını nəzərə alsaq, 2012-ci il Avropa çempionatının seçmə mərhələsinin sonuna qədər yığmamızın sükanı arxasında olmalıdır.

Qeyd edək ki, Ukrayna yığmasının baş məşqçi postuna namizəd kimi Valentin Xodukinin vaxtilə köməkçisi olduş Miron Markeviç, Yuri Kalitvintsev, hətta “Qalatasaray”ın baş məşqçisi Frank Raykaardın adı çəkilsə də, Oleq Bloxinin qayıdışı daha real görünür. Ukraynalılar məhz Bloxinin rəhbərliyi altında 2006-cı il dünya çempionatına final mərhələsinə çıxıb və ən yaxşı 8 yığma komanda arasına düşüb.
0