Elxan Məmmədov: Bizim qrupda uda biləcəyimiz yığmaları görmək istəyirəm
20.11.2009 - 18:15
Elxan Məmmədov: Bizim qrupda uda biləcəyimiz yığmaları görmək istəyirəm
AFFA-nın baş katibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Milli komandamız Berti Foqtsun rəhbərliyi altında ilk dəfə beynəlxalq turnirdə mübarizə apardı. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) keçirilən yarışda yığmamızın çıxışını necə dəyərləndirirsiniz?
- Çox şadıq ki, milli komandamız Əl-Ayn şəhərində təşkil olunmuş turnirdə qüvvəsini sınadı. AFFA rəhbərliyi bu yarışda yığmamızın mübarizə aparması üçün çox çalışdı. Bildiyiniz kimi, hazırlıq işləri 3-4 ay qabaqcadan başlanmışdı. Amma biz yarışda iştirakla bağlı təsdiq məktubu ala bilmirdik. Sonda təşkilatçılar bizi rəsmən turnirə dəvət etdilər. Hesab edirəm ki, bu yarış çox yüksək səviyyədə keçdi. Turnirə yığmamızla yanaşı, güclü kollektivlər - meydan sahibləri, Asiya çempionu İraq və Avropanın adlı-sanlı komandası, qitə çempionatının gümüş mükafatçısı Çexiya qatılmışdı. AFFA rəhbərliyinin və milli komandanın baş məşqçisinin yürütdüyü siyasət ondan ibarətdir ki, futbolçularımız beynəlxalq miqyasda maksimum oyun keçirsin. Yığmamız nə qədər yüksək reytinqə malik kollektivlərlə qarşılaşsa, bu, futbolçularımız üçün bir o qədər faydalı olar. Əl-Ayn turniri bunu bir daha sübuta yetirdi. Təəssüf ki, ilk matçda İraqı üstələyə bilmədik. Ancaq Asiya çempionuna qarşı mübarizə aparmaq yaxşı təcrübə oldu. Hər halda, ikinci görüşdə Çexiya üzərində inamlı qələbə qazandıq. Bu, bizi çox sevindirir.

- Yığmamız 4 komanda arasında 3-cü yeri tutdu. Halbuki Foqts turnirdən öncə bildirmişdi ki, minimum vəzifə ilk oyunda qələbə qazanıb, finala yüksəlməkdir. Milli komandamızın göstərdiyi nəticədən razı qaldınızmı?
- Bəli. Futbolçularımız peşəkarcasına oynadılar. Komandamız artıq sabit oyun nümayiş etdirir. Həm də nəzərə almaq lazımdır ki, finala vəsiqə qazansaydıq, Çexiyanı məğlub etmiş BƏƏ ilə görüşməli idik. Ancaq fikrimcə, yığmamız üçün BƏƏ-nin əvəzinə, Çexiyaya qarşı mübarizə aparmaq daha yaxşı idi. Çünki çexlər Avropanı təmsil edirlər. Qarşıda isə bizi məhz Avropa çempionatının seçmə matçları gözləyir. Qismət oldu, Çexiya ilə görüşdük və gözəl oyun nümayiş etdirib, qalib gəldik. Onu da bildirim ki, təşkilati məsələlər çox yüksək səviyyədə həll olunmuşdu. BƏƏ Futbol Assosiasiyası turnirin maraqlı alınması, baxımlı olması üçün kifayət qədər zəhmət çəkmişdi. Milli komandamızın mehmanxana, nəqliyyat və digər xərclərini öz üzərinə götürdüyü üçün BƏƏ Futbol Assosiasiyasının rəhbərliyinə minnətdarlığımızı bildiririk.

- Avropa çempionatının seçmə mərhələsindən söz düşmüşkən, gələn il fevralın 7-də bu yarışdakı rəqiblərimiz məlum olacaq. Həmin turnirdə 5 rəqibə qarşı oynayacağımız indidən bilinir. Yığmamızın hansı komandalarla eyni qrupa düşməyini istəyirsiniz?
- (gülür) Çətin sualdır. Qrupumuzda uda biləcəyimiz yığmaları görmək istəyirəm.

- Axı, birinci səbətdən dünya və Avropa çempionları bizə rəqib olacaq... Bu komandalardan hansınısa üstələyə bilərik?
- Yığmamız bu il Avropa çempionu İspaniya, üçqat dünya və üçqat Avropa çempionu Almaniya ilə qarşılaşıb. Yəni, bizim böyük futbol ölkələri ilə oyun təcrübəmiz var. Bu da çox müsbət haldır. Futbolçularımızda artıq inam yaranıb və onlar belə komandalara qarşı sərbəst oynaya bilərlər.

- Milli komandamızın növbəti planı necə olacaq?
- Yığmamızın 2010-cu il üçün təqvim-planı hazırlanır. Həmin təqvim-plan yaxın 3 həftə ərzində mətbuata açıqlanacaq.

- 2009-cu ili yığmamız üçün başa çatmış saymaq olar?
- Bəli.

- BƏƏ-dən birbaşa vətəninə yollanmış baş məşqçi Berti Foqtsu bu yaxınlarda Azərbaycanda görə biləcəyik, yoxsa o, Yeni İldən sonra bura gələcək?
- Foqts tezliklə Bakıya qayıdacaq. İlin sonunadək bizi Azərbaycan çempionatında maraqlı oyunlar gözləyir. Təbii ki, Foqts da ölkəmizə gələrək, həmin qarşılaşmaları izləyəcək.

- Milli komandamız gələn il martın 3-də növbəti yoldaşlıq görüşünü keçirəcək. Bu məqsədlə hansı yığmalarla danışıqlar aparırsınız?
- Müxtəlif komandalarla danışıqlar gedir. Ancaq yoldaşlıq görüşündə Avropa təmsilçiləri ilə qarşılaşmaq çətindir. Çünki qitə çempionatının seçmə mərhələsinin püşkü atılmayıb. Buna baxmayaraq, ayrı-ayrı yığmalarla danışıqlar aparırıq. Əgər qarşılaşmaq istədiyimiz rəqiblə Avropa çempionatının seçmə mərhələsində eyni qrupa düşsək, təbii ki, digər komandaya müraciət edəcəyik. Növbəti oyunumuzu Bakıda, yaxud xaricdə keçirəcəyimiz danışıqlardan asılıdır.

- Adətən futbolçulara verilən pul mükafatlarının məbləği açıqlanmır. Ancaq çox güman ki, bu dəfə konkret məbləğ söyləyəcəksiniz. Çexiya üzərində qələbəyə görə, yığmamızın üzvlərinə nə qədər mükafat veriləcək?
- Hələ dəqiq deyil.

- Yəqin ki, Rusiya ilə oyundan sonrakı mükafatdan çox olar? Axı, ruslarla heç-heçə etmişdik, çexləri isə məğlub etmişik.
- Deyə bilmirəm.

- Futbolçularımızın hərəsinə 5000 manatdan çox mükafat veriləcəyini yaza bilərik?
- Yaza bilməzsiniz (gülür)
0