“FİFA rəhbərliyi və şəxsən Yozef Blatter AFFA-nın fəaliyyətindən razı qaldı”
21.11.2009 - 11:18
“FİFA rəhbərliyi və şəxsən Yozef Blatter AFFA-nın fəaliyyətindən razı qaldı”
“FİFA-nın prezidenti cənab Yozef Blatterlə ilk görüşümüz bu il yanvarın 17-də Rusiyanın paytaxtı Moskvada keçirilmişdi. O zaman da Azərbaycan futbolunun inkişafı ilə bağlı səmərəli müzakirələr aparmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri AFFA-nın prezidenti Rövnəq Abdullayev deyib.

Abdullayev noyabrın 17-də İsveçrənin Sürix şəhərində FİFA-nın prezidenti Yozef Blatterlə baş tutan görüşü ilə bağlı AFFA-nın rəsmi saytına açıqlama verib. O bildirib ki, FİFA-nın mənzil-qərargahında keçirilən budəfəki görüş rəsmi xarakter daşıyıb: “Çox qısa zaman ərzində bu görüşün keçirilməsi ilə bağlı razılıq əldə olundu. Azərbaycan futbolunun hazırkı vəziyyətini, inkişaf perspektivini müzakirə etdik. Futbolun daha da yüksək səviyyəyə çatdırılması ilə bağlı AFFA tərəfindən hazırlanan layihələr barədə FİFA rəhbərliyinə məlumat verdik. Baş katib Elxan Məmmədov AFFA-nın hesabatını təqdim etdi. Sevindirici haldır ki, FİFA rəhbərliyi və şəxsən Yozef Blatter AFFA-nın fəaliyyətindən razı qaldığını bildirdi, Azərbaycan futbolu ilə bağlı olan bütün məsələlərə xüsusi həssaslıqla yanaşdığını nümayiş etdirdi. Görüş bizdə xoş təəssüratlar yaratdı və inanıram ki, bu, FİFA ilə AFFA arasında mövcud əməkdaşlığın daha da güclənməsinə öz müsbət təsirini göstərəcək”.

Qeyd edək ki, noyabrın 17-də FİFA və AFFA prezidentləri arasında keçirilən görüşdə dünya futbol qurumunu baş katib Jerom Valk, Milli Assosiasiyalar və İnkişaf Departamentinin rəisi Tyerri Reqenass və Avropada futbolun inkişafı üzrə menecer Yeva Paskue təmsil ediblər. Azərbaycan tərəfindən isə tədbirə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov qatılıblar.
0