“Muğan”ın futbolçusu Didye Droqbaya qarşı
21.11.2009 - 11:43
“Muğan”ın futbolçusu Didye Droqbaya qarşı
Afrika Millətlər Kubokunun püşkü atılıb. Apasport.az saytının məlumatına görə, 2010-cu ilin yanvarında Anqolada keçiriləcək qitə birinciliyinin 16 iştirakçısının yer aldığı qrupların tərkibləri müəyyənləşib. Millətlər Kuboku tarixində ilk dəfə final mərhələsində Azərbaycan çempionatında oynayan futbolçu da təmsil oluna bilər. Belə ki, Salyanın “Muğan” klubunun şərəfini qoruyan və mütəmadi olaraq, Burkina-Faso milli komandasına çağırılan Narsis Yameoqonun yığması da qarşıdakı turnirdə iştirak edəcək. Bu dəfə də milli komandaya çağırılmaqla, çempionatımızın tarixinə Afrika birinciliyinin ilk iştirakçısı kimi düşməyə yaxın olan 29 yaşlı yarımmüdafiəçinin komandası B qrupunda mübarizə aparacaq. Burkina-Faso yığması məşhur Didye Droqba və yoldaşlarının yer aldığı Kot d`İvuar, Qana və Toqonu sınağa çəkəcək.

A qrupu: Anqola, Mali, Malavi, Əlcəzair
B qrupu: Kot d`İvuar, Burkina-Faso, Qana, Toqo
C qrupu: Misir, Nigeriya, Mozambik, Benin
D qrupu: Kamerun, Qabon, Zambiya, Tunis

Qeyd edək ki, hər qrupun 2 ən yaxşı komandası 1/4 finala yüksələcək.
0