Lionel Messi, Xavi Ernandes və Ronaldo
25.11.2009 - 12:13
Lionel Messi, Xavi Ernandes və Ronaldo
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov 2009-cu il üçün dünyanın ən yaxşı futbolçusu ilə bağlı seçimini edib. Bu barədə apasport.az saytına 27 yaşlı müdafiəçinin özü məlumat verib. Argentinalı Lionel Messini planetin ən yaxşısı hesab edən Sadıqovun fikrincə, “Barselona”nın 22 yaşlı yarımmüdafiəçisi aşkar favoritdir: “Hesab edirəm ki, bu il dünyanın ən yaxşı futbolçusu “Barselona”nın futbolçusu olacaq. Hər halda, komanda bu il 5 titul qazandı. Bunda Messinin böyük rolu var. Fikrimcə, Lionel birinci olmağa layiqdir”

Sadıqov 2-ci və 3-cü yerdə müvafiq olaraq, Messinin komanda yoldaşı olan ispaniyalı Xavi Ernandesə və portuqaliyalı Kriştianu Ronaldoya (“Real”, Madrid) səs verib. Ötən il dünyanın və Avropanın ən yaxşısı seçilən 24 yaşlı Ronaldo milli komandamızın kapitanından da səs almışdı: “Ronaldo Portuqaliya yığmasında istənilən oyunu göstərə bilmədi, Çempionlar Liqasının finalında “Barselona”ya uduzdu. Bundan əlavə zədələr, əsasən də yayda transferi ilə bağlı danışıqlar, maddi məsələlərlə bağlı çoxsaylı xəbərlər onun ziyanına işlədi. Xaviyə gəlincə, orta sahədəki oyunu, işgüzarlığı ilə seçilən dəyərli futbolçudur. Adətən meydanda “qara işi” görənlər hücumçularla müqayisədə kölgədə qalır. Ancaq bununla belə, onların da əməyini qiymətləndirmək lazımdır”.

Dünyanın ən yaxşı futbolçusu ilə bağlı sorğunu keçirən FİFA qalibə “Brilyant top” mükafatını hədiyyə edir. Bununla bağlı səsverməyə milli komandaların kapitanları və baş məşqçiləri qatılır.

Qeyd edək ki, ötən il Messini 3-cü yerə layiq görən Sadıqov ən yaxşı futbolçu kimi “Liverpul” klubunun və İspaniya yığmasının hücumçusu Fernando Torresi göstərmişdi.