Rəşad Sadıqov: Növbəti turda oynaya bilərəm
25.11.2009 - 12:32
Rəşad Sadıqov: Növbəti turda oynaya bilərəm
“Zədədən sonra bərpa prosesi yaxşılığa doğru gedir. Artıq komanda ilə birgə məşq edirəm. Ancaq zədə problemini nəzərə alaraq, tələsmək istəmirəm”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov deyib.

Cari mövsümdən Ağdamın “Qarabağ” klubunda forma geyinən 27 yaşlı müdafiəçi hələ Avroliqanın son təsnifat mərhələsi çərçivəsində “Tvente” (Hollandiya) ilə oyun öncəsi zədələnmişdi. Bu səbəbdən üç aydır milli komandamıza kömək edə bilməyən Rəşad cari mövsümdə “Qarabağ”ın heyətində cəmi bir oyunda meydana çıxıb. Ancaq “Qəbələ” ilə Ağdamda keçirilən həmin görüşdə əsas heyətdə yer alan Sadıqov artıq 15-ci dəqiqədə aldığı zədə ucbatından əvəzləndi. Müalicəsinə, bərpa prosesinə xeyli müddətdir xüsusi diqqət yetirən, hətta bu məqsədlə Türkiyədə də olan müdafiəçinin yaşıl meydana qayıdışı maraq doğurur.

Rəşadın sözlərinə görə, qayıdışı həftəsonu Unibank Premyer Liqasının ikinci dövrəsinin ilk turu çərçivəsində “Turan”la ev oyununda baş verə bilər: “Növbəti turda oynayacağım gözlənilir. Ancaq hələlik 15-20 dəqiqə oynaya bilərəm. Komandanın hazırlıq prosesində iştirak etsəm, topa var gücümlə zərbə vurmuram. Sümük sınanda müəyyən vaxtdan sonra bitişir. Ancaq əzələ ilə bağlı problemlər daha ciddi olur. Bunun sağalmasına 8 həftə lazımdırsa, mən 10 həftə gözləyirəm. Yəni tələsməyib, səbr edirəm ki, sonradan problemlə üzləşməyim”.