FİFA rusiyalı azarkeşlərin Bakıdakı intizamsızlığına ayrıca baxacaq
25.11.2009 - 13:24
FİFA rusiyalı azarkeşlərin Bakıdakı intizamsızlığına ayrıca baxacaq
Oktyabrın 14-də Azərbaycan və Rusiya yığmaları arasında keçirilmiş 2010-cu il dünya çempionatının seçmə qrup matçında qonaq komanda azarkeşlərinin davranışı ilə bağlı FİFA Nizam-İntizam Komitəsi (NİK) yaxın vaxtlarda qərar çıxaracaq. Bu haqda Lent.az-a AFFA-ya yaxın etibarlı mənbədən məlumat verilib.

Mənbənin sözlərinə görə, rusiyalı fanatların törətdiyi qalmaqalla əlaqədar müvafiq ölçü götürüləcək. Hazırda şimal qonşularımızın hərəkətləri araşdırılır. Tezliklə bununla bağlı qərar qəbul ediləcək. Çox güman ki, Rusiya Futbol İttifaqına (RFİ) cərimə tətbiq ediləcək.

Qeyd edək ki, Azərbaycan – Rusiya matçının 30-cu dəqiqəsində qonaqlar üçün ayrılan sektorda oturan 300-dək rus fanat azərbaycanlı azarkeşlərin olduğu sektora tüstü şaşkaları atıblar. Nəticədə 2 nəfər yaralanıb. Bundan sonra tərəflər əlbəyaxa olublar.

Vəziyyətin gərginləşdiyini görən polis və xüsusi təyinatlı qüvvələr güc tətbiq etməyə məcbur olublar. Polis işçiləri özlərini həddən artıq aqressiv aparan “qonaqlar”ı döyə-döyə yerlərinə qayıtmağa məcbur edə biliblər. İnsident 5-7 dəqiqə davam edib. İkinci hissənin əvvəlində rusiyalılar üçün ayrılan sektor xüsusi təyinatlı qüvvələr tərəfindən mühasirəyə alınıb. İnsidentlə bağlı heç kim tutulmayıb.

Xoşagəlməz hadisə nəticəsində stadionda 70-dək plastik oturacaq sındırılıb, arenaya 2000 manatadək ziyan dəyib. Oyun usə 1:1 hesablı heç-heçə ilə başa çatıb.

FİFA NİK insidentlə bağlı Azərbaycan tərəfinə heç bir cəza və cərimə tətbiq etməmək qərarına gəlib. AFFA-ya tövsiyə olunub ki, gələcəkdə analoji halların baş verməməsi üçün oyunlar zamanı müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi daha yüksək səviyyədə təmin olunsun. Qərar həm Azərbaycan, həm də Rusiya futbol qurumlarına yox, yalnız AFFA-ya göndərilib. Bu isə rusiyalı fanatların intizamsızlığına ayrıca baxılacağı haqda xəbəri təsdiqləyir.

Məsələyə münasibət bildirən AFFA-nın baş katibi Elxan Məmmədov FİFA NİK-in Rusiyanın məsələsinə ayrıca baxılacağından məlumatsız olduğunu açıqlayıb: “Açığı, bizi Azərbaycan tərəfinə aid qərar maraqlandırırdı, onu da artıq almışıq. Rusiya tərəfinə qarşı hansı tədbirin görüləcəyindən isə məlumatsızıq və bu, heç marağımızda da deyil”.