Ölkənin ən titullu klubu satıldı
27.11.2009 - 11:32
Ölkənin ən titullu klubu satıldı
“Audi” avtomobil konserni futbola sərmayə qoymaq qərarına gəlib. Apasport.az saytının məlumatına görə, avtomobilçilər Almaniyanın ən titullu klubu “Bavariya”nı alıb. “Audi” klubun səhmlərinin 9,09 faizini ələ keçirməyə nail olub. Bunun üçün şirkət nə az, nə çox - 90 milyon avrosundan keçməli olub.

Klubun səhmləri 2011-ci il iyuluna qədər konsernin hesabına keçəcək. Bu pul “Bavariya”nın borclarının bir qismini ödəməsinə xidmət edəcək. Belə ki, Münhen təmsilçisinin hazırkı borclarının məbləği 340 milyon avroya bərabərdir. Borc “Bavariya” və “Münhen-1860” klublarının ev oyunlarını keçirdiyi “Alyans Arena” stadionunun tikintisi zamanı götürülüb. “Audi” isə bu işbirliyi sayəsində reklam qazanmaq niyyəti güdür.
“Audi” ilə anlaşmaya qədər “Bavariya”nın əsas tərəfdaşı məşhur “Adidas” şirkəti idi ki, idman malları istehsalçısı 2002-ci ildə klubun səhmlərinin bir hissəsi üçün 77 milyon avro xərcləmişdi.

Qeyd edək ki, Almaniya miqyaslı turnirlərdə kifayət qədər uğuru olan münhenlilər 4 dəfə Çempionlar Liqasını, 1 dəfə Kuboklar Kubokunu və UEFA kubokunu qazanıb.