“Qarabağ” və “Turan”: eyni ssenari, eyni qələbə, eyni hesab
28.11.2009 - 13:13
“Qarabağ” və “Turan”: eyni ssenari, eyni qələbə, eyni hesab
Azərbaycan çempionatının II dövrəsinin startı eyni ssenari ilə yadda qaldı. Apasport.az saytının məlumatına görə, Ağdamda görüşən “Qarabağ”la “Turan”ın ilk dövrədəki oyununda da hadisələr eyni məcrada davam etmiş və görüş ağdamlıların 2:1 hesablı əzmkar qələbəsi ilə nəticələnmişdi.

Tovuzlular sentyabrın 16-da keçirilən ilk oyunda da hesabı legionerinin sayəsində açmışdı. Fərq ondadır ki, həmin vaxt “Qarabağ”ın qapısına ukraynalı yarımmüdafiəçi Yevgeni Sayko, bu dəfə isə rusiyalı orta sahə oyunçusu, milliyətcə dağıstanlı Rəşid Həsənov yol tapıb. Həmin görüşdə də Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun fasilədən sonra etdiyi əvəzləmələr bəhrəsini vermişdi. İkinci hissədə meydana çıxan Vaqif Cavadov əvvəlcə hesabı bərabərləşdirmiş, sonradan isə komanda yoldaşı Elvin Məmmədovun qələbə topunu vurmasına imkan yaratmışdı.

“Qarabağ”a bu dəfə də qələbəni milli komandamızın üzvü gətirdi. Söhbət Vaqif və Elvinlə yığmamızda bir yerdə çıxış edən Vüqar Nadirovdan gedir. 59-cu dəqiqədə oyuna daxil olan 22 yaşlı hücumçuya oyunun taleyinin həll etmək üçün 4 dəqiqə bəs etdi. Maraqlıdır ki, “Qarabağ”la “Turan”la cari mövsümdə keçirdiyi oyunlarda 62-ci dəqiqə uğur gətirir. Tovuzda Elvin, Ağdamda isə Vüqar bu dəqiqədə tovuzluları oyuna mərkəzdən başlamağa məcbur etdi. Nadirov 66-cı dəqiqədə vurduğu qol sayəsində həm komandasına növbəti qələbə gətirdi, həm də ən azı bir gün turnir cədvəlində lider olmasına imkan yaratdı.

Ümumiyyətlə, “Turan”ın “Qarabağ”la son illərdə oyunları uğursuzluqla nəticələnir. Təsadüfi deyil ki, Tovuz təmsilçisi rəqibi üzərində sonuncu qələbəni 2005-ci ilin dekabrın 13-də evdə qazanıb – 3:1. Göründüyü kimi, avrokuboklarda ölkəmizi ilk təmsil edən komanda artıq 4 ildir “Qarabağ”ı yenə bilmir. Digər maraqlı məqam ondan ibarətdir ki, “Qarabağ” bu il Ağdama qayıdana kimi orada sonuncu görüşünü məhz “Turan”la keçirmişdi. Bu, 1993-cü il mayın 13-də baş verib və onda da meydan sahibləri qalib gəlmişdi. Bundan az sonra Ağdam işğal olunduğu üçün “Qarabağ” doğma məkandan 16 il ayrı düşməli oldu.

Qeyd edək ki, həmin vaxt “Turan”ın qapıçısı olan Nizami Sadıqov indi komandanın baş məşqçisidir. Sadıqov həmkarı Qurbanovla “Turan”da bir yerdə oynayıb, yaxın keçmişdə isə “Qarabağ”da ona kömək edib. Veteran qapıçı bu yay Ağdam təmsilçisindən gedərək, “Turan”ın sükanı arxasına qayıdıb.
0