Rəşad Sadıqov arzusuna Qurban bayramında qovuşdu
28.11.2009 - 13:32
Rəşad Sadıqov arzusuna Qurban bayramında qovuşdu
Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov 63 gündən sonra yaşıl meydana qayıtdı. Apasport.az saytının məlumatına görə, cari mövsümdə hər iki oyununu Ağdamda keçirən “Qarabağ”ın 27 yaşlı müdafiəçi əyalət təmsilçilərinə rəqib olub.

Sentyabrın 23-də “Qəbələ” ilə ev oyununda (0:0) əsas heyətdə meydana çıxan Rəşad artıq 16-cı dəqiqədə zədə ucbatından yerini alban həmkarı Admir Teliyə verdi. Sadıqov noyabrın 27-də, Qurban bayramı günü startı verilən II dövrənin ilk turunda “Turan”la görüşün (2:1) 59-cu dəqiqəsində Aftandil Hacıyevin əvəzinə meydana daxil olub.

Hələ avqustda Avroliqada Hollandiyanın “Tvente” klubu ilə görüşlər öncəsi zədələnən Rəşad bundan bir ay sonra oynasa da, eyni problemlə üzləşdi. Nəticədə uzun müddət müalicə olunan, bərpa prosesi keçən Rəşad hətta bu məqsədlə Türkiyəyə də səfər etdi. Hələ 90 dəqiqə oynamağa hazır olmayan müdafiəçi yavaş-yavaş meydana çıxmaqla, formasını yığmaya çalışır. Ancaq Sadıqov son 6 oyunda kömək edə bilmədiyi milli komandamıza qayıdışı üçün gələn ili gözləməli olacaq. Hər halda, əsas yığmamız bu il daha oyun keçirməyi planlaşdırmır və növbəti yoldaşlıq görüşünü keçirmək üçün gələn ilin əvvəlini gözləmək lazımdır.

Qeyd edək ki, Rəşad milli komandamızda sonuncu dəfə bu ilin iyunun 9-da Bakıda İspaniya yığmasına ağır məğlub olduğumuz (0:6) yoldaşlıq görüşündə iştirak edib.
0