1668 günlük həsrət
28.11.2009 - 14:29
1668 günlük həsrət
Vüqar Nadirov Ağdamın “Qarabağ” klubunun heyətində milli çempionatda növbəti qolunu vurmaq üçün 1668 gün gözləməli oldu. Apasport.az saytının məlumatına görə, yetirməsi olduğu “Qarabağ”a 4 illik fasilədən sonra qayıdan Vüqar fərqlənmək üçün II dövrənin startını gözlədi.

Əslində, milli komandamızın da üzvü olan 22 yaşlı hücumçu dönüşündən sonra bu ilin avqustunda qol vursa da, Hollandiyada yerli “Tvente” ilə həmin görüş (1:3) Avroliqa oyunu idi. Daxili yarışlarda ilk dövrədə Premyer Liqa ilə yanaşı, bir kubok oyununa da çıxan Nadir heç cür qol vura bilmirdi. Nəhayət, ikinci dövrənin ilk turunda “Turan”la ev oyununda bu həsrətə son qoyuldu. Özü də bir yox, iki qolla. Görüşün 59-cu dəqiqəsində Ayxan Abbasovu əvəzləyən Vüqar 4 dəqiqəyə (62 və 66-cı dəqiqələr) etdiyi dublla “Qarabağ”a əzmkar qələbə qazandırdı – 2:1. Bu, onun komandanın heyətində çempionatımızda ümumilikdə 11-ci qolu oldu.

Nadirovun qolu məhz Ağdamda vurması lap yerinə düşdü. Axı o, “Qarabağ”da doğma bölgəni təmsil edən tək-tük futbolçulardandır. Üstəlik, bu, Vüqarın peşəkar karyerasında Ağdamda vurduğu ilk qollardır. Futbolçunun hələ 6 yaşı olarkən, yəni 1993-cü ildə Ağdam işğal olunmuş və “Qarabağ” doğma məkana 16 ildən sonra qayıtdı. Vüqarın atası Qarabağ döyüşlərində bədnam ermənilərin gülləsinə tuş gələrək, vətən uğrunda şəhid olub.

Nadirov “Qarabağ”da çempionatda sonuncu qolunu 2005-ci ilin mayın 4-də “Neftçi” ilə görüşdə vurub. Maraqlıdır ki, ağdamlılar XXX tur çərçivəsində keçirilən həmin ev oyununda da 2:1 hesabı ilə qalib gəlmiş, qələbə topunu məhz Vüqar vurmuşdu. Fərq ondadır ki, “Qarabağ” həmin vaxt rəqiblərini Bakıda Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qəbul edirdi.

Doğma komandasının heyətində 15 yaşında dubl etməklə, (Qusar “Şahdağ”ı üzərində evdə 6:0 hesablı qələbə) milli çempionatınızda ən gənc futbolçu kimi rekord müəyyənləşdirən Nadirov 2005-ci ilin yayında “Xəzər-Lənkəran”a transfer olundu. Hücumçu “Qarabağ”a qayıdana kimi “Masallı” və “Karvan” klublarında da oynayıb.
0