Lionel Messi “Qızıl top”u qazandı!
01.12.2009 - 09:41
Lionel Messi “Qızıl top”u qazandı!
İspaniyanın “Barselona” klubunun və Argentina milli komandasının üzvü Lionel Messi “Qızıl top” mükafatına layiq görülüb. Apasport.az saytının məlumatına görə, 22 yaşlı ulduz hücumçu Fransanın “France Football” nəşrinin hər il keçirdiyi sorğuda hamıdan çox səs toplayaraq, 2009-cu ildə Avropanın ən yaxşı futbolçusu seçilib.

Messi 480 mümkün baldan 473-ünü toplayıb. O, ən yaxın izləyicilərini - portuqaliyalı Kriştianu Ronaldo (“Real”, 233 bal), həmçinin “Barselona”dakı komanda yoldaşları Xavi Ernandes (170 bal) və Andreas İnyestanı (149 bal) aşkar qabaqlayıb.

“Mən bilirdim ki, fəxri titul uğrunda mübarizədə əsas favoritlərdən biriyəm. “Qızıl top” mənim üçün çox vacib mükafatdır. Onu qazanan böyük futbolçu sayılır. Ancaq çox dahi futbolçulara “Qızıl top”a sahib çıxmaq nəsib olmayıb. Bu qələbəmi ailəmə, doğmalarıma və yaxınlarıma həsr edirəm. Onlar məni lazım olan hər bir dəqiqədə həmişə dəstəkləyiblər” - deyə Messi sevincini belə bölüşüb.

Qeyd edək ki, 2008-ci ildə həm “Qızıl top”, həm də dünyanın ən yaxşı futbolçusuna verilən “Brilyatn top”u Krişatianu Ronaldo qazanmışdı. Planetin də ən yaxşısı olmağa real namizəd sayılan Lionel bu il “Barselona”nın heyətində 5 titul (İspaniya çempionu, İspaniya kuboku, İspaniya Superkuboku, Çempionlar Liqası, UEFA Superkuboku) əldə edib.
0